DÖVLƏTİN ALİ MÜKAFATLARI HƏRBİ QULLUQÇULARA TƏQDİM OLUNMUŞDUR
Müdafiə naziri general–polkovnik Səfər Əbiyev çıxış edərək mərasim iştirakçılarını Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından təbrik etmişdir. O demişdir ki, bu gün bizim hər birimizin həyatında əlamətdar hadisə baş verir. Çünki qəhrəmanlıqları və fədakarlıqları ilə fərqlənən insanlarla görüşmək adama hər gün qismət olmur.
Azərbaycan xalqının tarixində qəhrəmanlıqların çox olduğunu, bu gün dövlət mükafatları və fəxri adlar veriləcək insanların müstəqilliyimiz uğrunda fədakarlıq göstərərək, bəzilərinin isə öz həyatını Vətənimizə qurban verərək yüksək təltiflərə layiq görüldüyünü vurğulayan general–polkovnik Səfər Əbiyev ümummilli liderimiz Heydər Əliyevin “Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdən ibarətdir” müdrik kəlamını xatırlatdı və dedi ki, bu gün yüksək mükafatlar alacaq Azərbaycan Silahlı Qüvvələrinin əsgər, zabit və generalları, o cümlədən mülki qulluqçuları dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda igidlik, rəşadət və mətanət göstərmişlər.
Nazir dedi ki, Ermənistan–Azərbaycan müharibəsində Müdafiə Nazirliyinin hərbi hissələrində xidmət edən 133 nəfər Azərbaycanın Milli Qəhrəmanı Fəxri adına layiq görülmüşdür. Onların 53-ü zabit, 1-i gizir,
79-u isə kursant, əsgər və çavuşlardır. Bu fəxri ad onların yalnız 16-na sağlığında, 117-nə isə ölümündən sonra verilmişdir. Milli Qəhrəman Fəxri adının Qızıl Medalları bu ada layiq görülmüş 77 nəfərə ümummilli liderimiz Heydər Əliyev tərəfindən təqdim olunmuşdur.
“Azərbaycan Bayrağı” ordeni ilə 217, “Hərbi xidmətlərə görə” medalı ilə 232, “İgidliyə görə” medalı ilə 3 nəfər təltif edilmişdir. 2003-cü il iyunun 24-də ümummilli liderimiz Heydər Əliyevin Fərmanı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının 22 nəfəri “Azərbaycan Bayrağı” ordeni, 21 nəfəri “Vətən uğrunda” medalı, 7 nəfəri “İgidliyə görə” medalı və 113 nəfəri “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Bu, ümummilli liderimizin Silahlı Qüvvəllərimizin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Müdafiə naziri qarşıdan alman faşizmi üzərində qazanılan Qələbənin 59–cu ildönümünün gəldiyini, Böyük Vətən müharibəsində əldə olunan qələbədə Azərbaycanın oğul və qızlarının imzası olduğunu da diqqətə çatdırdı və söylədi ki, biz qəhraman ata–babalarımızın bu hünərini döyüş meydanlarında davam etdirməyə hazırıq. Çünki xalqımız öz ordusunu sevir, Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizə gündəlik qayğını diqqət mərkəzində saxlayır. Xalqımızın və dövlətimizin başçısını əmin edirəm ki, bu gün Azərbaycan əsgəri erməni faşizmi üzərində yeni qəhrəmanlıqlar göstərməyə hazırdır.
Sonra o, Milli Qəhrəman fəxri adına layiq görülən şəhid qəhrəmanlarımızın Qızıl Medallarını onların ailə üzvlərinə, Müdafiə Nazirliyinin həqiqi hərbi xidmətdə və ehtiyatda olan hərbi qulluqçularına “Vətən uğrunda”, “İgidliyə görə”, “Hərbi xidmətlərə görə” medalları və digər fəxri adlara layiq görülən hərbi qulluqçulara onların nişanlarını təqdim etmişdir.