Dron texnologiyaları ilə bağlı elmi tədqiqatlar aparılır
Bakı, 14 dekabr, AZƏRTAC
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Dron texnologiyası: perspektivləri və tətbiq sahələri” mövzusunda onlayn elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəni təqdim edən baş mütəxəssis Oqtay Ələkbərov dronların yaranma tarixi, növləri, xarakteristikası və tətbiq sahələri barədə məlumat verib. Bildirilib ki, ilk dəfə dronlar ABŞ hüquq-mühafizə orqanları tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədilə istifadə olunub. ABŞ-ın Texas, Nevada, Dakota ştatlarının bəzi şəhərlərində dronlar 24 saat patrul xidməti aparır. Bu dronlar xüsusi baza ilə təmin olunub. Belə ki, axtarışda olan cinayətkarlar haqqında məlumatlar dronların bazalarına yerləşdirilir. Xüsusi sensor və kameralar vasitəsilə şəxslərin simalarının identifikasiyası aparılır.
Dronların tətbiq sahələrindən söz açan O.Ələkbərov onlardan hüquq-mühafizə orqanlarında, tibb, logistika, kənd təsərrüfatı, tikinti, xilasetmə işləri və digər sferalarda müxtəlif məqsədlər üçün istifadə olunduğunu qeyd edib.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, dronlarla bağlı elmi tədqiqatların dərinləşdirilməsinə dair təkliflər səsləndirilib.