CƏMİYYƏT
DSX: Son bir ayda 38 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycana gəlməsinin qarşısı alınıb
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini uğurla davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin sərhəd nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində son bir ay ərzində dövlət sərhədindən buraxılış məntəqəsində 38 əcnəbinin, o cümlədən 21 nəfər İran, 3 nəfər İraq, 3 nəfər Özbəkistan, 2 nəfər Hindistan, 2 nəfər Misir, 2 nəfər Pakistan, 2 nəfər Efiopiya və hər birindən 1 nəfər olmaqla, Küveyt, Nigeriya, Nepal vətəndaşının sənədlərinin saxtalaşdırılması halları müəyyən edilib.
Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.
Dövlət sərhədinin pozulmasına cəhd hallarının təhlili göstərir ki, əsasən, Yaxın Şərq və Asiya ölkələrinin vətəndaşları Avropa ölkələrinə məxsus saxta pasport və vizalardan istifadə edərək Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə getməyə cəhd göstərirlər.