DÜNYA BANKI İLƏ FAYDALI ƏMƏKDAŞLIQ BƏHRƏSİNİ VERİR
Hazırda ən demokratik və şəffaf prosedurlar əsasında hakimliyə namizədlərin seçimi davam edir. Eyni zamanda, ölkəmizin Prezidentinin 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, vətəndaşların məhkəmələrə müraciət etmək imkanlarını asanlaşdırmaq məqsədilə yeni məhkəmələrin, o cümlədən bölgələrdə apelyasiya məhkəmələrinin yaradılması, hakimlərin ştat sayının artırılması, habelə regionlarda hüquq təsisatlarının inkişafı və əhaliyə göstərilən hüquqi xidmətlərin yaxşılaşdırılması üzrə konkret tədbirlər həyata keçirilir.
Ölkəmizin başçısının göstərişi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin yüksək statusuna uyğun yeni binanın inşasına başlanmışdır. Həmçinin, digər yeni məhkəmə binalarının tikintisi və hakimlərin iş şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq işlər görülür.
Xəbər verildiyi kimi, Azərbaycanın məhkəmə-hüquq sistemində həyata keçirilən mütərəqqi dəyişiklikləri dəstəkləyən Dünya Bankı hüquqi islahatlara maliyyə yardımı göstərmək təşəbbüsü ilə çıxış etmişdir. Təşəbbüslə əlaqədar yaradılmış işçi qrupu Dünya Bankının ekspertləri ilə birgə qısa zamanda məhkəmə infrastrukturu üzrə monitorinqlər keçirmiş, müvafiq təhlillər aparmış, prioritet sahələri müəyyənləşdirmişdir. Hərtərəfli müzakirələr, o cümlədən Dünya Bankının Vaşinqtondakı baş ofisi ilə telekörpü vasitəsilə aparılmış danışıqlar nəticəsində kreditin Azərbaycan üçün ən əlverişli şərtlərlə alınması razılaşdırılmışdır.
Bu günlərdə Bakıya növbəti səfərə gəlmiş Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru xanım Donna M.Dousett-Koyrolo ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşərək, layihə barədə fikirlərini bölüşmüş və onun hazırlanmasında iştirak etmiş azərbaycanlı mütəxəssislərin peşəkarlığını yüksək qiymətləndirmişdir.
Nazir Dünya Bankının ölkəmizdə aparılan islahatlara göstərdiyi marağa və yardımına görə qonağa və bankın rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Layihədə 17 yeni məhkəmə binasının tikintisi, bir çox məhkəmə binalarının əsaslı təmiri, texniki cəhətdən müasirləşdirilməsi, eyni zamanda, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin ən müasir avadanlıqla təchiz edilməsi və digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulur.
Görüşdə hər iki tərəf layihənin uğurla həyata keçiriləcəyinə və onun Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsinə çox dəyərli töhfə olacağına ümid etdiklərini bildirmişdir.