Dünya Güləş Birliyinin prezidenti Bakıdakı Olimpiya Güləş Mərkəzində olub
Bakı, 30 aprel, AZƏRTAC
Dünya Güləş Birliyinin (DGB) prezidenti Nenad Laloviç ölkəmizə səfəri çərçivəsində yığma komandalarımızın təlim-məşq bazasında - Olimpiya Güləş Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Firdovsi Umudov Mərkəzdə yaradılan şərait barədə DGB prezidentinə məlumat verib.
Firdovsi Umudov bildirib ki, Olimpiya Güləş Mərkəzi daim idmançılara dəstək göstərən dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin həyata keçirdiyi idman siyasətinin tərkib hissəsidir. Dünyanın ən böyük təlim-məşq bazalarından biri olan Olimpiya Güləş Mərkəzindəki 14 güləş xalçasında, eyni zamanda, hər üç güləş komandasının məşq etmək imkanı var. Olimpiya Güləş Mərkəzi idmançıların hazırlıq prosesi üçün lazımi infrastrukturla, məşq ləvazimatları, trenajorlarla təchiz olunub. 2012-ci ildən etibarən Azərbaycan güləş yığma komandaları ilə yanaşı, dünyanın aparıcı güləş ölkələrinin komandaları da burada təlim-məşq toplanışları keçir.
DGB-nin prezidenti Nenad Laloviç idmançıların beynəlxalq arenada əldə etdikləri nailiyyətlərin əsasında yüksək hazırlıq şəraitinin dayandığını və bu baxımdan Azərbaycan güləşçilərinin şanslı olduğunu vurğulayaraq deyib: “Azərbaycan Güləş Federasiyasının belə bir təlim-məşq bazasına sahib olması DGB olaraq bizi çox məmnun edir. Azərbaycan qədim güləş ənənələrinə malik ölkədir. Ölkənizdə idmana, xüsusən güləşə böyük maraq var. Biz Azərbaycan Güləş Federasiyasının DGB-dəki mövqeyini yüksək qiymətləndiririk. Güləşçilərinizin daim yüksək əyarlı medallara iddialı olması məhz ölkə rəhbərliyi və Federasiya tərəfindən yaradılan şəraitdən qaynaqlanır”.