İDMAN
DÜNYA KUBOKUNA HAZIRLIQ DAVAM EDİR
Turniri iştirakçı ölkələrin 20-dən çox hakimi idarə edəcəkdir.
Azərbaycan gimnastları turnirə səylə hazırlaşırlar. Baş məşqçi Valentina Ukleina bildirmişdir ki, komandamızın lideri Dinara Gimatova Dünya Kuboku yarışlarına xüsusi proqram üzrə hazırlaşır. O, aprel ayınadək bir sıra beynəlxalq turnirlərdə də iştirak edəcəkdir. Digər gimnastlarımız isə fevral ayından başlayaraq, gündə iki dəfə məşq edəcək, fevralın 27-29-da Moskvada Qran-pri yarışlarında güclərini sınayacaqlar. Martın axırında ölkə çempionatı başa çatandan sonra isə Bakıda 20 günlük təlim-məşq toplantıları olacaqdır.
Yarışların keçiriləcəyi İdman-Konsert Kompleksində də hazırlıq işləri davam edir. Bu idman qurğusunun direktoru Rafiq Behbudovun dediyinə görə, indi orada qızdırıcı və havatəmizləyici sistemlər yenidən qurulur.