DÜNYA ÖLKƏLƏRİ VƏ BEYNƏLXALQ QURUMLAR ARDNŞ-NİN EKOLOJİ LAYİHƏLƏRİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİRLƏR
Bakı, 5 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem ARDNŞ-də həyata keçirilən ekoloji layihələrlə tanış olmaq və mümkün əməkdaşlıq imkanlarını müzakirə etmək üçün qurumun ekologiya üzrə vitse-prezidenti Soltan Əliyevlə görüşmüşdür.
İsrail diplomatının ARDNŞ-də həyata keçirilən layihələrlə yaxından tanışlığı məqsədi ilə bəzi sahələrə səfəri təşkil olunmuşdur. Səfir Bakının Xəzər rayonundakı “Ekoloji park”a gələrək, orada aparılan tikinti-quraşdırma və yaşıllaşdırma işləri ilə tanış olmuşdur. M.Lavon-Lotemə “Ekoloji park”ın salınmasının məqsəd və məramı barədə ətraflı məlumat verilmişdir.
Parkın enerji təchizatında alternativ enerji mənbələri olan günəş və külək enerjisindən istifadə olunması, su ehtiyatlarından səmərəli istifadəyə imkan verən müasir suvarma sistemlərinin tətbiqi, istehsalat proseslərində “sıfır” tullantı prinsipinə əməl olunması, parkda yetişdiriləcək tinglər arasında Azərbaycanın və dünyanın “Qırmızı kitabı”na salınmış ağac, kol növlərinə xüsusi əhəmiyyət verilməsi və s. məsələlər səfirin diqqətinə çatdırılmışdır.
Sonra Mixael Lavon-Lotemə “Ekoloji park”ın yaxınlığında, “Azərneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NQÇİ-nin ərazisində “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən aparılan rekultivasiya və bioremediasiya işləri barədə məlumat verilmişdir. Səfir Ekologiya İdarəsinin Balaxanı qəsəbəsində yerləşən, müasir cihaz və avadanlıqla təchiz edilmiş kompleks tədqiqatlar laboratoriyası ilə də yaxından tanış olmuşdur.
Səfərinin sonunda M. Lavon-Lotem ARDNŞ-nin ekologiyanın qorunmasına göstərdiyi diqqəti çox yüksək qiymətləndirmişdir. Diplomat İsrail şirkətlərinin ekologiya sahəsində gördükləri işlər barədə qarşı tərəfə məlumat vermiş və gələcəkdə təcrübə mübadiləsi məqsədi ilə qarşılıqlı səfərlərin təşkilinin mümkünlüyünü qeyd etmişdir.