DÜNYA TİCARƏT TƏŞKİLATINA ÜZV OLMAQ AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏNDİR
AZƏRTAC xəbər verir ki, mayın 14-də “İrşad” otelində Azərbaycan Marketinq Cəmiyyəti (AMC) və BMT-nin nəzdində Beynəlxalq Ticarət Mərkəzinin (BTM) birgə təşkilatçılığı ilə “Dünya Ticarət Təşkilatına (DTT) üzvlük prosesində özəl sektorla hökumət arasında dialoqun inkişaf etdirilməsi” mövzusunda seminar keçirilmişdir.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirmişdir ki, hazırda ölkəmizin yürütdüyü xarici siyasətin əsas istiqamətlərindən biri də DTT-yə üzv olmaqdır. O, Azərbaycanın 1997-ci ildən DTT-yə müşahidəçi statusu ilə qəbul edildiyini, elə o vaxtdan da tamhüquqlu üzv olmaq məqsədi ilə danışıqların başlandığını diqqətə çatdırmışdır.
M.Məmmədquliyev demişdir ki, Azərbaycanın bu təşkilata qəbul olunması prosesində əsas elementlərdən biri qanunvericiliyin DTT standartlarına uyğunlaşdırılmasıdır.
Nazir müavini bu beynəlxalq quruma üzvlüyün əhəmiyyətini də xatırlatmışdır. Qeyd etmişdir ki, nəticədə beynəlxalq aləmdə ölkəmizin mövqeyi möhkəmlənəcək, nüfuzu yüksələcək, Azərbaycan mənşəli mallar və xidmətlər dünya bazarına maneəsiz çıxa biləcək, ixrac potensialı güclənəcək, sağlam rəqabət şəraitində istehsal olunan məhsulların keyfiyyəti artacaqdır və s.
BTM-nin nümayəndəsi DTT-yə üzvlük prosesi, bu prosesdə biznes infrastrukturlarının rolu haqqında ətraflı məlumat vermişdir.
BTM-nin beynəlxalq ekspertlərinin, İqtisadi İnkişaf Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələrinin, özəl sektor və qeyri-hökumət təşkilatları liderlərinin iştirak etdiyi tədbirdə Azərbaycanın DTT-də üzvlük yolunda danışıqlar, əsas problemlər, üzvlük prosesində özəl sektorun prioritetləri, problemləri, strategiyaları, eləcə də özəl sektor və ticarətə dəstək kimi məsələlər müzakirə olunmuşdur.