Dünyada terrora qarşı ikili standartlar siyasəti mövcuddur
Tehran, 8 dekabr, AZƏRTAC
BMT Fransa və Avstriyada olduğu kimi, heç olmasa bir dəfə də İranda baş verən terror aksiyasına münasibət bildirməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran İnsan hüquqları Şurasının katibi Əli Bageri deyib. O, BMT-nin baş katibinə və insan hüquqları üzrə ali komissarına göndərdiyi məktubun mətni barədə danışıb. Məktubda nəzərə çatdırılıb ki, İranda dünya üzrə tanınmış elm adamının terror aksiyası ilə qətlə yetirilməsinə səssiz qalmaq terrora rəvac verməkdir. Cari ilin 3 noyabrda Avstriyada, 17 sentyabrda isə Fransada baş verən terrora qarşı BMT kəskin bəyanatla çıxış edib və terror nəticəsində insanların qətlə yetirilməsini pisləyərək münasibətini açıqlayıb. Lakin İranda dünyanın tanıdığı bir alimin qətlə yetirilməsinə BMT nədənsə münasibət bildirmir və bu da dünyada terrora qarşı ikili standartlar siyasətinin mövcudluğunu göstərir. Qərb dövlətlərində baş verən terror lənətlənir, lakin İranda baş verən terrora qarşı susmaq üstün tutulur.
Qərbin bu kimi hərəkətləri dünyada sülhə və təhlükəsizliyə təhdid yaradır.
Qeyd edək ki, noyabrın 27-də Tehran yaxınlığında İranın nüvə-fizikası sahəsində ixtisaslaşmış alimi və müdafiə nazirliyinin idarə rəisi Möhsün Fəxrizadə qətlə yetirilib. Onun İranın nüvə proqramının inkişafında böyük rolu olub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran