Dünyada təxminən 50 milyon insan “müasir köləlik” şəraitində yaşayır
Bakı, 23 avqust, AZƏRTAC
Coğrafi kəşflər və müstəmləkəçiliklə geniş yayılan qul alveri milyonlarla insanı öz yurdlarından didərgin saldı. Qərblilər tərəfindən istismar edilən Afrika mənşəli qulların mübarizəsi isə 1791-ci il avqustun 23-də Fransanın müstəmləkə idarəçiliyinə qarşı başladı. Təxminən 5 il davam edən mübarizədən sonra qullar azadlıqlarını qazandılar və müstəqil dövlət quraraq köləliyi rəsmi şəkildə ləğv edən ilk siyasi quruluşu yaratdılar.
Tarixə “Haiti inqilabı” kimi düşən bu proses bütün dünyada köləliyə qarşı hərəkatlara ilham verdi.
UNESCO da 1998-ci ildə inqilabın başladığı 23 avqust tarixini Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi və Bu Alverin Qadağan Edilməsi Günü elan etdi.
Həmin tarixdən etibarən hər il avqustun 23-də müxtəlif ölkələrdə keçirilən tədbirlər vasitəsilə köləlik və qul ticarətinin bəşər tarixindəki yeri xatırlanır.
“Müasir köləlik” davam edir
Köləlik rəsmi olaraq dünyanın demək olar ki, bütün ölkələrində qadağan edilsə də, bu gün müxtəlif formalarda mövcudluğunu davam etdirir.
AZƏRTAC xəbər verir ki, BMT-yə görə, “müasir köləlik” qanunvericilikdə ayrıca müəyyən edilmiş hüquqi termin olmasa da, “məcburi əmək, məcburi nikah və insan alveri” kimi halları əhatə edən ümumi anlayış kimi istifadə olunur. Həmin anlayış təhdid, zorakılıq, məcburiyyət və ya aldatma nəticəsində insanın imtina edə və ya tərk edə bilmədiyi istismar vəziyyətlərini ifadə edir.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesablamalarına görə, 2016–2021-ci illər arasında “məcburi əmək və məcburi nikah” hallarının sayında əhəmiyyətli artım baş verib.
Məlumatlar göstərir ki, 2021-ci ilə qədər “müasir köləlik” şəraitində yaşayan insanların sayı 10 milyon artaraq dünya üzrə 50 milyona çatıb.
Məlumatlar qadınların və uşaqların hələ də qeyri-mütənasib şəkildə daha həssas vəziyyətdə olduğunu göstərir.
Məcburi əməkdən əldə edilən illik qlobal gəlirin isə 236 milyard dollar olduğu təxmin edilir.
UNESCO-nun “Qul Yolu” layihəsi
UNESCO bəşər tarixinin “qaranlıq irsi” kimi qiymətləndirilən bu hadisəni yaddaşlarda canlı saxlamaq məqsədilə “Qul Yolu” adlı layihə həyata keçirir.
Hər il avqustun 23-də sənətçilər və tədqiqatçılar bu mövzuda ortaq şüurun formalaşmasına töhfə vermək üçün bir araya gəlirlər.
Bu çərçivədə hər il foto, video və instalyasiya sərgiləri təşkil olunur, həmçinin tarix, araşdırma və müsahibələr dərc edilir.
UNESCO tərəfindən yaradılan, tarixçilər və ekspertlərdən ibarət “Beynəlxalq Elmi Komitə” də keçirdiyi dövri toplantılarla mövzunu beynəlxalq akademik gündəmdə canlı saxlamağa çalışır.
Müxbir – Göyçək Mahmudlu