QAN YADDAŞI
Dünyanın nüfuzlu din xadimləri Xocalıda baş verənlərə münasibət bildirməlidir
Tbilisi, 25 fevral, AZƏRTAC
Tbilisidəki “Cümə” məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunub.
AZƏRTAC xəbər verir ki, şəhidlərin ruhuna dualar oxunub, dini ayinlər icra olunub.
Gürcüstan Müsəlmanları İdarəsinin sədri Ramin İgidov, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev çıxış edib, Xocalı qətliamının səbəbləri və acı nəticələri barədə məlumat veriblər. Şair jurnalist Nizami Məmmədzadə Xocalı şəhidlərinə həsr etdiyi poemadan parçalar söyləyib.
Çıxışlarda bildirilib ki, Xocalıda insanların dini və milli mənsubiyyətinə qətlə yetirilməsi əsl soyqrımıdır. Dünyanın nüfuzlu dini təşkilatları və din xadimləri, dini mənsubiyyətinə görə insanların qətlə yetirilməsini qətiyyətlə pisləməlidirlər.
Dünya ictimaiyyəti Xocalıda baş verənlərə hüquqi qiymət verməlidir.
Tədbirdə din xadimləri, Azərbaycan səfirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi