Düşmən hücumlarından müdafiə olunmaq üçün inşa edilən “Güngörməz” qalasının tədqiqinə ehtiyac var
Hacıqabul, 24 may, Mahir Babayev, AZƏRTAC
“Güngörməz” qalası Hacıqabulun rayon mərkəzindən 45 kilometr aralıda, Udulu kəndinin ərazisində yerləşir. Bu qala unikallığı və qədimliyi ilə seçilir.
Tarix-diyarşünaslıq evinin direktoru Sərdaxan Təhməzov AZƏRTAC-a müsahibəsində deyib ki, "Güngörməz" ulu əcdadlarımızın yaşayış yeri olub. Tarixi mənbələrə görə, bu yaşayış yeri antik dövrdən XVII əsrə qədər olan böyük bir müddəti əhatə edib. Həmin dövrdə burada yaşayan əcdadlarımız özlərini düşmən hücumlarından qorumaq məcburiyyətində qaldıqları üçün bu qalanı inşa ediblər. Qala dağın ən hündür zirvəsində tikilib. Deyilənlərə görə, qala gün düşmədiyi üçün "Güngörməz" adlandırılıb. Ətrafı böyük sal daşlardan hörülüb. Qala divarlarının eni 3 metrdir. Daxilində isə əlavə divarlar mövcuddur. Bu divarların da aşağı hissəsi 2 cərgə nəhəng sal daşlardan ibarətdir. Güman edilir ki, siklopik qalaları xatırladan "Güngörməz" qalasının inşasından əvvəl də bu ərazidə müdafiə qalası mövcud olub. "Güngörməz" qalasının tikintisində də siklopik qala qalıqlarından da istifadə edilib.
S.Təhməzov bildirib ki, ərazidə qazıntı işləri aparılarkən küp qəbirlər, varlı adamlara məxsus məzarlar, saxsı qablar, daş dövrünə aid müxtəlif əşyalar və s. tapılıb. Qəbirlərdə onların işlətdikləri əşyalar, silahlar aşkar edilib. Həmin əşyalar rayonun tarix-diyarşünaslıq muzeyinə verilib.
Kənd sakinlərinin sözlərinə görə, zəngin keçmişimizə yenidən işıq salmaq üçün bu qalanın tədqiq olunmasına böyük ehtiyac var.