Əcnəbi tələbələr arasında keçirilən “Azərbaycanı tanı” intellektual oyununa yekun vurulub
Naxçıvan, 19 aprel, AZƏRTAC
Naxçıvan şəhərinin 2018-ci ildə Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar hazırlanmış tədbirlər planının müvafiq bəndinə əsasən muxtar respublikanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr arasında keçirilən “Azərbaycanı tanı” bilik yarışması və intellektual oyununun qalibləri müəyyənləşib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yarışmada iştirakçılara Azərbaycan və Naxçıvan Muxtar Respublikasına aid ümumi bilikləri özündə əks etdirən 51 sual təqdim edilib və Azərbaycanın xəritəsini pazlar vasitəsilə qurma üzrə yarış keçirilib. Suallar kompüterdə test üsulu ilə cavablandırılıb. Sonda sualları düzgün cavablandıran və xəritəni daha tez quran iştirakçılar oyunun qalibi olublar.
Yekun nəticəyə əsasən Naxçıvan Dövlət Universitetinin (NDU) tələbəsi, İran İslam Respublikasının vətəndaşı Abbas Ağazadə Qaraxədir birinci olub. Digər iki pillədə NDU-nun tələbəsi, İran İslam Respublikasının vətəndaşı Tarak Sahand və “Naxçıvan” Universitetinin tələbəsi, Banqladeş Xalq Respublikasının vətəndaşı Mohammad Ariful qərarlaşıblar.
Azərbaycan xəritəsini ən qısa zamanda tamamlayan NDU-nun tələbəsi, Türkiyə Cümhuriyyətinin vətəndaşı Yusuf Geldi qalib adını qazanıb. NDU-nun tələbələri - Nigeriya vətəndaşı Edegbai Auğsta ikinci, İran İslam Respublikasının vətəndaşı Zeynəb Əjdəri isə üçüncü olublar.
Hər iki oyunun qaliblərinə təşkilatçılar tərəfindən diplom, hədiyyələr və oxunması zəruri olan kitablar təqdim edilib.
Yarışma Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.