Əcnəbi tələbələrə Xocalı soyqırımı haqqında məlumat verilib
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Azərbaycan Texniki Universitetində təhsil alan xarici tələbələrin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, ali məktəbin prorektoru, professor İsa Xəlilov tələbələrə Xocalı soyqırımı haqqında geniş məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edib. Prorektor, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi etnik təmizləmə siyasətindən danışıb və bu siyasətin azərbaycanlılara qarşı misli görünməmiş vəhşilik və qəddarlıqla müşayiət olunduğunu qeyd edib.
Sonra müəllimlər və tələbələr çıxış edərək qanlı faciəyə münasibətlərini bildiriblər. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Milli Məclis tərəfindən Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması barədə qərar qəbul edilib.
Toplantıda xarici tələbələrə məlumatlar rus və ingilis dilində çatdırılıb.
Sonda Xocalı soyqırımını əks etdirən film nümayiş olunub.