“ƏDALƏTLİ OYUNLAR HƏRƏKATININ İDMANDA VƏ CƏMİYYƏTDƏ ROLU” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KECİRİLMİSDİR
“Ədalətli oyunlar hərəkatının idmanda və cəmiyyətdə rolu” mövzusunda elmi-praktik konfransda Azərbaycanda Olimpiya Hərəkatının inkişafı istiqamətində görülən işlər müzakirə edilmişdir.
AZƏRTAC xəbər verir ki, martın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetdə bu mövzuya həsr olunmuş konfransı giriş sözü ilə açan təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov mövzunun olduqca əhəmiyyətli olduğunu vurğulamışdır.
Natiq bildirmişdir ki, 2016-cı il Yay Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsinə iddialı olan Azərbaycanda bu gün müasir standartlara cavab verən idman meydançaları, olimpiya idman kompleksləri tikilərək istifadəyə verilir.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev və başqaları çıxış edərək bildirmişlər ki, son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmanda da böyük irəliləyiş baş vermiş, ölkəmizdə bir çox beynəlxalq yarışlar yüksək səviyyədə keçirilmişdir. Prezident İlham Əliyevin göstərişi ilə respublikamızın bir çox bölgələrində 10-dan çox olimpiya idman komplekslərinin tikilməsini diqqətə çatdıran natiqlər, bu istiqamətdə işlərin cari ildə də davam etdirildiyini vurğulamışlar.
Ötən il ölkəmizdə 36-dan çox beynəlxalq turnirin, yunan-Roma və sərbəst güləş üzrə dünya çempionatının yüksək səviyyədə keçirildiyini qeyd edən natiqlər Azərbaycan idmançılarının da qazandığı uğurlardan söz açmışlar.
Bildirilmişdir ki, 1994-cü il mayın 28-də Sürixdə Avropa Ədalətli Oyunlar Hərəkatı təsis edilmişdir. Hərəkatın əsas məqsədi idmanda və cəmiyyətdə ədalət və etik prinsiplərin qorunması, rəqiblərə hörmət və mübarizədə dözümlülük göstərməsi, mənəvi kamilləşməyi təbliğ etməkdi.
Natiqlər diqqətə çatdırmışlar ki, MOK-un nəzdində 1998-ci ildə yaradılmış Ədalətli Oyunlar Komissiyası ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində ədalət prinsiplərini dəstəkləyən, respublikada idman ictimaiyyətinin maraqlarını müdafiə edən bir hərəkat olaraq fəaliyyət göstərir.
Konfransda həmcinin bildirilmişdi ki, belə silsilə tədbirlər digər ali təhsil müəssisələrində də keçiriləcəkdir.