ƏDLİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASINDA
Azərbaycan Respublikasında həyata keçirilən gənclər və idman siyasətinə uyğun olaraq ölkəmizdə idmanın bütün növlərinin inkişafı üçün əlverişli şərait yaranmış, Azərbaycan idmançıları dünyanın ən mötəbər yarışlarında çıxışları ilə dövlətimizin idman tarixinin şərəfli səhifələrini yazmaqla yanaşı, dünya idmanının da inkişafına layiqli töhfələrini vermişlər.
Bununla belə son illər Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən milli futbolun inkişafına ağır zərər vuran bir çox ciddi qanun və nizamnamə pozuntularına yol verilmiş, qanun pozuntusundan çəkindirmək məqsədilə Ədliyyə Nazirliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoyulmayaraq ölkə qanunlarına və AFFA nizamnaməsinə, habelə FİFA və UEFA nizamnamələrinə zidd əməllər mütəmadi xarakter alaraq daha da güclənmişdir.
Ölkənin futbol təşkilatları tərəfindən Ədliyyə Nazirliyinə müraciətlər edilərək AFFA-nın fəaliyyətində qeyri-demokratik, inzibati-amirlik üsul və metodlarından istifadə olunması, ayrı-ayrı futbol federasiyalarının, klubların hüquqlarına açıq-aşkar hörmətsizlik, onlara qarşı qərəzli və ögey münasibət göstərilməsi və bu halın milli futbolumuzun inkişafına ağır zərər vurması bildirilmiş, 2002-ci ildə keçirilməli olan növbəti konfransının süni şəkildə gecikdirilməsi nəticəsində təşkilatın idarəolunmaz vəziyyətə düşməsi qeyd olunmuş, AFFA-da yol verilən nizamnamə pozuntularının qarşısının alınması xahiş edilmişdir.
AFFA-nın fəaliyyətində mənfi hallar və qanun pozuntularının davam etməsi, futbol təşkilatlarının və ictimaiyyətin haqlı narazılığı qanunla qeyri-hökumət təşkilatlarının fəaliyyətinin nizamnaməyə uyğunluğuna nəzarət funksiyasını həyata keçirən Ədliyyə Nazirliyinin bu məsələyə müdaxiləsini zəruri etmiş, təşkilatın normal fəaliyyətinin təmin edilməsi üçün məsələ nazirliyin Kollegiya iclasının müzakirəsinə çıxarılmışdır.
Kollegiyada qeyd edilmişdir ki, AFFA-nın fəaliyyətində qanunçuluğu və demokratik prinsipləri təmin etmək məqsədi ilə Ədliyyə Nazirliyi hələ 2000-ci ildə müvafiq təkliflərlə çıxış etmiş, həmin ildə FİFA və UEFA tərəfindən yaradılmış Birgə Komissiya da eyni xarakterli tövsiyələr vermişdir. Lakin AFFA tərəfindən bu tövsiyələrə məhəl qoyulmamış, haqlı iradlara qarşı dözümsüzlük nümayiş etdirilmişdir.
AFFA-nın 2000-ci il mayın 30-da keçirilmiş konfransında həm Azərbaycan qanunvericiliyinə, həm də FİFA və UEFA-nın tövsiyələrinə etinasızlıq göstərilərək demokratik prinsiplərə və həmin tövsiyələrə zidd qərarlar qəbul edilmiş, o cümlədən konfransa hazırlıq qapalı şəkildə keçirilmiş, qərəzli və birtərəfli mövqe tutularaq əksər futbol təşkilatları konfransa dəvət edilməmişdir. Həmcinin təşkilatın nizamnaməsinin FİFA və UEFA-nın tələblərinə uyğunlaşdırılmaması, milli futbol federasiyalarının fəaliyyətinə normal şərait yaradılmaması, İcraiyyə Komitəsinə futbol təşkilatlarından seçiləcək şəxslərin sayının süni surətdə məhdudlaşdırılması narazılığı daha da artırmışdır.
Bu pozuntuların qarşısını almaq məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən təşkilata dəfələrlə, o cümlədən bu ilin fevral və may aylarında xəbərdarlıq edilmiş, qanunvericiliyin FİFA və UEFA-nın təməl sənədlərinin tələblərinin, birgə komissiyanın tövsiyələrinin yerinə yetirilməsi bir daha tələb olunmuşdur.
Lakin AFFA-nın rəhbərliyi bu qanuni tələblərə qarşı biganəlik nümayiş etdirərək onları yerinə yetirməkdən imtina etmişdir.
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna əsasən dəfələrlə edilmiş xəbərdarlıq və göstərişə əməl edilməməsi təşkilatın müəyyən olunmuş qaydada ləğv edilməsinə əsas versə də, Azərbaycan futbolunun mənafeyi naminə buna yol verilməmiş, qanun pozuntularının digər vasitələrlə aradan qaldırılmasına üstünlük verilmişdir.
Kollegiyada qeyd edilmişdir ki, AFFA-nın nizamnaməsinə əsasən növbəti konfrans beş ildə bir dəfə keçirilməli, onun vaxtı və yeri barədə federasiyalara iki ay əvvəl yazılı bildiriş göndərilməlidir. Nizamnaməyə əsasən Konfransın təxirə salınmasına yol verilmədiyindən növbəti konfrans 2002-ci il mayın 3-dək keçirilməli idi.
Lakin AFFA nizamnamə tələblərini kobud surətdə pozmaqla növbəti konfransın müəyyən olunmuş müddətdə keçirilməsini təmin etməyərək özünün seçkili orqanlarını səlahiyyətsiz vəziyyətə salmış, nəticə etibarilə təşkilat idarəolunmaz hala düşmüş, milli futbolda ağır böhranlı vəziyyət yaranmaqla onun mənafeyinə ciddi zərər vurulmuşdur.
Bununla əlaqədar yaranmış vəziyyət Ədliyyə Nazirliyinin Kollegiyasında müzakirə edilərək, AFFA-nın növbəti konfransı vaxtında keçirilmədiyindən onun seçkili orqanlarının səlahiyyət müddəti bitmiş hesab edilmişdir.
Eyni zamanda, Kollegiyada AFFA-nın normal fəaliyyətinin təmin edilməsi məqsədi ilə, bütün futbol federasiyalarına qanunvericiliyə, UEFA və FİFA birgə komissiyasının tövsiyələrinə uyğun, demokratik prinsiplər əsasında növbəti konfransın keçirilməsi üzrə təxirəsalınmaz tədbirlərin görülməsi, FİFA, UEFA və KİV nümayəndələrinin konfransın işini müşahidə etmələrinə şərait yaradılması tövsiyə edilmişdir.
Möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatlar, bu sahədə ədliyyə orqanları üzərinə düşən vəzifələr kollegiyada qeyd edilmiş, o cümlədən vətəndaşların müraciətlərinə diqqətin artırılması, ərizə və şikayətlərə baxılması işinin yaxşılaşdırılması, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının təkmilləşdirilməsi, “Kütləvi informasiya vasitələri haqqında” Qanuna edilmiş dəyişiklik və əlavələrdən irəli gələn vəzifələr və digər mühüm məsələlər müzakirə olunmuşdur.
Ədliyyə Nazirliyinin
Mətbuat xidməti