ƏDLİYYƏ ORQANLARINDA İŞLƏMƏK İSTƏYƏN NAMİZƏDLƏR ÜÇÜN TEST İMTAHANI KEÇİRİLMİŞDİR
Dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarında vakant ştat vahidlərinə qulluğa qəbulun müsabiqə əsasında şəffaf prosedurlarla keçirilməsi üzrə tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Ədliyyə Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı (TQDK) ilə birlikdə Bakı Dövlət Universitetinin yeni tədris binasında ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirmişdir.
Builki açıq müsabiqədə iştirak etmək üçün müraciət edən şəxslərin sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada imtahanadək toplanmış və yoxlanmışdır.
Müsabiqəyə dövlət, özəl və xarici təhsil müəssisələrini bitirmiş 256 nəfər namizəd sənəd təqdim etmişdir.
Ədliyyə Nazirliyi Kadrlar İdarəsinin rəisi, müsabiqə komissiyasının sədr müavini Rauf Məhərrəmov bildirmişdir ki, ədliyyə orqanlarında həyata keçirilən islahatlar çərçivəsində işə qəbulun şəffaf prosedurlarla aparılması məqsədi ilə açıq müsabiqə elan edilmişdir.
Namizədlərin təxminən yarıdan çoxu ölkəmizin regionlarını təmsil edir. Böyük çoxluq 25 yaşınadək olanlardır. Müsabiqədə iştirak edənlər arasında ədliyyə və məhkəmə orqanlarında yardımçı vəzifələrdə çalışan, digər təşkilatlardan ədliyyə orqanlarına işə keçmək istəyən, bələdiyyə qulluqçuları və vəkillik fəaliyyəti ilə məşğul olan namizədlərlə yanaşı, ilk dəfə əmək fəaliyyətinə məhz ədliyyə orqanlarında başlamaq arzusunda olanlar da vardır. Namizədlərin əksəriyyətini Bakı Dövlət Universitetinin məzunları, təxminən hər dörd nəfərdən birini isə qadınlar təşkil edir.
Builki müsabiqədə iştirak edən namizədlərdən 22 nəfəri bundan əvvəl keçirilmiş müsabiqədə iştirak etmiş, lakin müvəffəqiyyət qazana bilməmiş şəxslərdir.
Qaydalara əsasən, üç saat davam edən imtаhаndа namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olmuşdur. Təqdim olunmuş kitabçadakı suallardan 80-i namizədin hüquq və ədliyyə fəaliyyətinə dair qanunvericilik sahəsi üzrə biliyini yoxlayır, 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir. Test imtahanında 90 bal toplamaq mümkündür.
Namizədlərin balları hesablandıqda hüquq və ədliyyə fəaliyyətinə dair qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab isə 0,5 bаllа qiymətləndirilmişdir.
Saat 13.00-da başa çatan imtahanın nəticələrinə görə imtahanda iştirak etmiş 221 namizəddən 99 nəfəri 55 və daha artıq bal toplayaraq müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılmışdır.
Aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq standartlara uyğun keçirilən imtahanı 40-a yaxın yerli və beynəlxalq müşahidəçi, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri izləmişdir.
İmtahanın nəticələri TQDK-nın internet saytında yerləşdirilmişdir.
######
