Əhməd Nurəddin: Ermənistan təcavüzkar dövlətdir və törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır
Rabat, 20 iyul, AZƏRTAC
Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü kimi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz aktını qətiyyətlə pisləyirəm. Bu qəddar hücum nəticəsində şəhid olanların ailələrinə başsağlığı verir, Allahdan həlak olanlara rəhmət, yaralılara şəfa diləyirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, siyasi təhlilçi Əhməd Nurəddin bildirib.
O deyib: “Bu əməl onu göstərir ki, Ermənistan razılaşmalara və üzərinə götürdüyü öhdəliklərə əməl etmir. İşğal edilmiş Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bunu bilmək üçün xəritəyə nəzər yetirmək kifayətdir. Bütün beynəlxalq, coğrafi və yaxud tarixi prinsiplərə əsasən Ermənistan təcavüzkar dövlətdir. Azərbaycan torpaqlarına qarşı hərbi təcavüz etmiş Ermənistan bu cinayətlərə görə tam məsuliyyət daşıyır, çünki Ermənistan heç bir qanuni əsas olmadan və qəflətən Azərbaycan torpaqlarına qarşı bu təcavüzü başlayıb.
Siyasi təhlilçi qeyd edib ki, Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi və müdrikliyi hörmətlə qeyd edilməli və dəyərləndirilməlidir. Azərbaycan güc tətbiqi əvəzinə daim ölkələr arasında siyasi dialoqun aparılmasına üstünlük verib. Bu baxımdan Azərbaycanın mövqeyini yüksək dəyərləndiririk.
“Eyni zamanda, Mərakeşin mövqeyini də qeyd etmək istərdim. Bu mövqe təkcə ictimaiyyətin mövqeyi deyil, Krallığın mövqeyidir. Mərakeş Krallığı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Bu mövqe əsaslı mövqedir. Biz Azərbaycanın haqq yolunu, hər hansı təcavüzə münasib şəkildə cavab vermək haqqını dəstəkləyirik. Bu haqq bütün beynəlxalq hüquq normalarında təsbit olunub. Azərbaycanın təcavüz aktına cavab vermək haqqı var”, - deyə Əhməd Nurəddin bildirib. O əlavə edib ki, Ermənistanın son addımı həm də onun zəifliyini, son dövrdə Azərbaycan diplomatiyasının uğurlarından, xüsusilə də BMT çərçivəsində dünya ölkələrinin əksəriyyətinin rəğbətini qazanmasından qorxduğunu göstərir. Ola bilər ki, Ermənistan bu təcavüz vasitəsilə danışıqlar prosesini pozmaq istəyir, çünki bilir ki, beynəlxalq diplomatiya baxımından Dağlıq Qarabağ probleminin həlli ümumilikdə Ermənistanın deyil, Azərbaycanın xeyrinədir. Azərbaycanın ərazi bütövlüyünün tezliklə tam şəkildə bərpasını arzulayıram.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat