Ekologiya idarəsinin əməkdaşları təqdimatda iştirak etmişlər
Bakı, 23 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin bir qrup nümayəndəsi “Hyatt konfrans” mərkəzində keçirilmiş “Dənizdə neft parçalayan bakteriyalar” mövzusunda təqdimatda iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, təqdimat ABŞ-ın Tenessi ştatının Tenessi Universitetindən gəlmiş mütəxəssislər tərəfindən keçirilmişdir.
Təqdimat zamanı nümayəndə heyəti tərəfindən neft dağılmalarının mikroorqanizmlər vasitəsilə parçalanmasının öyrənilməsi məqsədilə dünyanın 8 ölkəsində aparılmış tədqiqatların nəticələri, bu sahədə Xəzər dənizində nəzərdə tutulmuş tədqiqatlar, mikroorqanizmlərin mühitdə səmərəli fəaliyyətinin təmin edilməsi üçün stimullaşdırıcı vasitələr, müxtəlif texnologiyalar vasitəsilə mikroorqanizmlərin növ tərkibinin öyrənilməsi, o cümlədən onların ayrı-ayrı regionlarda hasil olunan neftin tərkibindən asılı olaraq tətbiqi və müxtəlif mühitlərdə bioloji parçalamanın xüsusiyyətləri barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu texnologiya Meksika körfəzində baş vermiş neft dağılmalarının nəticələrinin aradan qaldırılmasında tətbiq edilmişdir.
Görüşdə həmin tədqiqatın yaxın vaxtlarda Xəzər dənizində aparılacağı bildirilmiş və bu məqsədlə Aralıq və Xəzər dənizlərindən götürülmüş su nümunələrində mikroorqanizmlər və qidalandırıcı maddələrin müqayisəsi aparılmışdır. Bildirilmişdir ki, həyata keçiriləcək tədqiqatların nəticələri gələcəkdə Xəzər dənizində neft dağılmalarının lokallaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.
Təqdimatın sonunda mikroorqanizmlər vasitəsilə karbohidrogenlərin bioloji parçalanmasının Xəzər dənizində tətbiq imkanları müzakirə edilmiş və iştirakçıların sualları cavablandırılmışdır.