Ekologiya və təbii sərvətlər naziri Salyan şəhərində vətəndaşları qəbul etmişdir
Salyan, 19 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, fevralın 19-da ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Şirvan şəhərindən, Neftçala, Biləsuvar, Salyan və Hacıqabul rayonlarından olan vətəndaşları qəbul etmişdir.
İdarə və departamentlərin, həmçinin tabeli qurumların rəhbərlərinin də iştirak etdikləri qəbulda nazirliyin fəaliyyəti, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı 50-dən çox vətəndaşın şikayət və təklifi dinlənilmişdir.
Qəbula yazılmış vətəndaşları diqqətlə dinləyən nazir bütün şikayət, xahiş və təkliflərin nəzərdən keçiriləcəyini, narazılığa səbəb olan halların aradan qaldırılacağını, hər vətəndaşın müraciətinin obyektiv və ədalətli şəkildə araşdırılaraq onların həlli yönündə zəruri addımların atılacağını bildirmişdir.
Bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi yerindəcə öz həllini tapmışdır.
Eyni zamanda, ekoloji qanun pozuntularına qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı nazirliyin əlaqədar struktur qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.
Ayrı-ayrı vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.