“Ekoloji maarifləndirmə təlimçilərinin təlimi” mövzusunda seminar-treninq keçirilmişdir
Bakı, 18 fevral (AZƏRTAC). Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Ekoloji maarifləndirmə təlimçilər qrupunun yaradılması” layihəsi çərçivəsində Azərbaycan Turizm İnstitutunda “Ekoloji maarifləndirmə təlimçilərinin təlimi” mövzusunda seminar-treninq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri açan layihənin rəhbəri Pərviz Əfəndizadə qarşıya qoyulmuş məqsəd, gözlənilən nəticələr və layihə müddətində tərtib olunmuş “Ekoloji məlumat kitabı” haqqında danışmışdır
Seminarın açılış mərasimində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şövkət Bəkirov, müstəqil ekspert Arzuman Bayramov, Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsinin nümayəndəsi Fətəli Hüseynov, Azərbaycan Turizm İnstitutunun əməkdaşı Vidadi Baxışov, Avropa Tələbələr Birliyi Bakı nümayəndəliyinin rəhbəri Akif Əhmədzadə və başqaları ekoloji problemlər və onların həlli ilə əlaqədar Azərbaycanda görülən işlər, ətraf mühitin mühafizəsi sahəsində ölkə vətəndaşlarının hüquq və vəzifələri, bu istiqamətdə qəbul olunmuş Dövlət proqramları haqqında ətraflı məlumat vermişlər. Eyni zamanda, ekoloji maarifləndirmənin vacibliyi, xüsusilə dövlətimizin bu istiqamətdə həyata keçirilən tədbirləri dəstəklədiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, layihə çərçivəsində tərtib olunmuş “Ekoloji məlumat kitabı” gənclərə çox gözəl töhfədir.
Seminar-treninqdə layihənin təlimçisi, Dünya Vəhşi Təbiət Fondunun Bakı ofisinin nümayəndəsi Elşad Əsgərov, “Təbiət dostları” İctimai Birliyinin nümayəndəsi Elşən Nuriyev, “Ekoloji maarifləndirmə təlimçilər qrupunun yaradılması” layihəsinin rəhbəri Pərviz Əfəndizadə, “ELS” İctimai Birliyinin rəhbəri İradə Yaqubova, Beynəlxalq Əmək Təşkilatının təlimçisi Qorxmaz Əfəndiyev və başqaları müxtəlif mövzularda təqdimatlar etmişlər.
Hər bir mövzu ətrafında geniş diskussiyalar aparılmışdır.
Tədbirin sonunda iştirakçıların hər biri təlim, ümumilikdə, layihə ilə bağlı rəy və təkliflərini bildirmiş, bundan sonra görüləcək işlər müzakirə edilmişdir.