Ekoloji qanun pozuntularına görə vəzifəli şəxslər cərimələnib
Bakı, 5 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin şimal sahillərində ekoloji monitorinq aparıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı aşkarlanan ekoloji qanun pozuntularına görə akt və protokollar tərtib edilərək inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun cərimələr tətbiq olunub. Belə ki, Xaçmaz rayonunun Xaçmaz və Xudat ərazilərində formalaşan tullantıların idarə olunması zamanı törətdikləri inzibati xətaya görə hər iki ərazidəki yaşıllaşdırma və təmizlik idarələrinin rəhbərlərinə qarşı akt və protokollar tərtib edilib, qanun pozucularının hər biri 2 min manat məbləğində cərimələnib.
Şabran ərazisində formalaşan çirkab suların təmizlənmədən və zərərsizləşdirilmədən Dəvəçiçay, Dərəçay və digər təbii axarlar vasitəsilə Xəzər dənizinə axıdıldığı faktı aşkar olunub. Faktla bağlı Şabran Su-Kanal İdarəsinin rəhbərliyi 3 min manat məbləğində, həmçinin rayon ərazisində bərk məişət tullantılarının idarə olunması zamanı inzibati xətaya yol verdiyi üçün Şabran Rayon Yaşıllıq və Təmizlik İdarəsinin rəhbəri 2 min manat məbləğində cərimə edilib.
Siyəzəndə formalaşan tullantı sularının təmizlənməsi üçün şəhərin ərazisində olan mexaniki təmizləmə qurğusu tamamilə yararsız vəziyyətə düşdüyündən çirkab sular təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdıldığı üçün Siyəzən Su-Kanal İdarəsinin rəhbəri 3 min manat məbləğində cərimələnib.
Monitorinq zamanı Sumqayıt şəhərində də Xəzər dənizinin çirkləndirilməsi faktı müəyyən olunub. Ərazidən götürülmüş su nümunələrində çirklilik həddi normadan artıq olduğundan Sumqayıt Su-Kanal İdarəsinin təmizləyici qurğular sexinin rəisinə inzibati xəta haqqında protokol tərtib edilib.
Nöqsanların aradan qaldırılması üçün müvafiq icra hakimiyyətlərinə və aidiyyəti qurumlara məktubla müraciət olunub.