“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsinin final mərhələsi keçirilib
Bakı, 11 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” IV Respublika müsabiqəsinin final mərhələsi keçirilib. Builki müsabiqənin final mərhələsinə “Azersun Holding” şirkəti tərəfdaş olaraq qoşulub.
RUGİM-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi regionlar üzrə ekoloji təmiz kənd təsərrüfatının inkişafı və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki növlərinin becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, onların istifadəsi, bərpası və mühafizəsinə dair şagirdlərin maarifləndirilməsindən ibarətdir.
Müsabiqədə ümumtəhsil və internat məktəblərinin V-XI sinif şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri fərdi, kollektiv, sinif, ailə və ya məktəb şəklində iştirak edən 3000 nəfərdən 100 nəfər final mərhələsinə vəsiqə qazanıb və müsabiqə meyvəçilik, subtropik bitkilər, arıçılıq, heyvandarlıq, meşə məhsulları, tərəvəzçilik, gülçülük, dənli bitkilər, texniki bitkilər, “balaca fermer” (I-IV siniflər), Qarabağın biomüxtəlifliyi nominasiyaları üzrə aparılıb.
Müsabiqəyə təqdim olunan işlər Təşkilat komitəsinin razılığı ilə yaradılmış və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi, Meyvəçilik və Tərəvəzçilik, Heyvandarlığın təşkili və monitorinqi şöbələrinin əməkdaşları, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Mərkəzi Nəbatat Bağının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
İştirakçılar meyvəçilik, dənli bitkilər, balaca fermer, subtropik bitkilər, gülçülük, heyvandarlıq, tərəvəzçilik, arıçılıq, meşə məhsulları nominasiyaları üzrə I, II və III yerə layiq görülüblər.
Sonda qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.