Ekspert: AŞPA Azərbaycanla münasibətlərin normallaşması üçün anti-Azərbaycan mövqeyindən imtina etməlidir
Bakı, 15 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın bu quruma münasibətinin mahiyyətini bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısı vurğuladı ki, Azərbaycan AŞPA ilə qarşıdurma axtarmır, əksinə, münasibətlərin normallaşmasında maraqlıdır. Lakin bunun üçün ilk addımı məhz AŞPA atmalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov deyib.
Ekspert bildirib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın nümayəndə heyətinin AŞPA-da səsvermə hüququndan məhrum edilməsi hüquqi deyil, siyasi motivlərə əsaslanıb. "Diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycanın nümayəndə heyətinə qarşı sanksiyalar məhz ölkəmizin 2023-cü ilin sentyabrında öz dövlət suverenliyini tam bərpa etməsindən sonra tətbiq olundu. Bu fakt göstərir ki, AŞPA-nın qərarı insan hüquqları ilə bağlı narahatlıqlardan deyil, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsini cəzalandırmaq niyyətindən irəli gəlib. Azərbaycanın mövqeyi bu məsələdə tam aydındır. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət edib və öz ərazisində separatizmə son qoyub. BMT Təhlükəsizlik Şurasının uzun illər ərzində icra olunmayan qətnamələrinin tələblərini Azərbaycan özü yerinə yetirib. Belə olan halda, bu addımın sanksiyalarla qarşılanması beynəlxalq hüququn prinsiplərinə deyil, siyasi ikili standartlara əsaslanan yanaşma kimi qiymətləndirilir", – deyə ekspert bildirib.
V.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan AŞPA-nı tərk etməyə can atmır. "Əksinə, rəsmi Bakı hesab edir ki, dialoq və əməkdaşlıq qarşıdurmadan daha faydalıdır. Lakin dialoq yalnız bərabərhüquqlu münasibətlər şəraitində mümkündür. Azərbaycanın səsvermə hüququ əlindən alındıqdan sonra nümayəndə heyətinin Assambleyanın işində iştirak etməsinin heç bir praktiki mənası qalmamışdı. Məhz buna görə də Azərbaycan nümayəndə heyəti fəaliyyətini dayandırmaq qərarı verdi. Son aylarda Avropa İttifaqının yeni rəhbərliyi ilə münasibətlərdə müşahidə olunan müsbət dinamika qarşılıqlı hörmət və praqmatizm əsasında əməkdaşlığın mümkün olduğunu göstərir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin, Avropa Şurasının Prezidenti Antonio Koştanın və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya səfərləri bunun bariz nümunəsidir. Bu fonda AŞPA-nın əvvəlki qarşıdurma xəttini davam etdirməsi Avropa institutlarının bu məsələdə vahid mövqedən çıxış etmədiyini nümayiş etdirir", – deyə Vasif Hüseynov qeyd edib.
Şöbə müdiri bildirib ki, Azərbaycanın bu məsələdə irəli sürdüyü tələb kifayət qədər aydın və məntiqlidir. "Əgər AŞPA həqiqətən də dialoqun, əməkdaşlığın və demokratik dəyərlərin tərəfdarı olduğunu nümayiş etdirmək istəyirsə, ilk növbədə özü qəbul etdiyi ədalətsiz qərarı ləğv etməli və Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu tam bərpa etməlidir. Yalnız bundan sonra Azərbaycanın AŞPA-dakı fəaliyyətinin bərpası üçün real siyasi və hüquqi zəmin yarana bilər. Hazırda seçim məhz AŞPA-nın qarşısındadır. Assambleya ya siyasi qərəz və ikili standartlar siyasətini davam etdirəcək, ya da Azərbaycanın suverenliyinə və bərabərhüquqlu tərəfdaşlıq prinsipinə hörmət nümayiş etdirərək münasibətlərin normallaşmasına imkan yaradacaq. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda qeyd etdiyi kimi, normallaşma mümkündür. Lakin bunun üçün ilk addımı ədalətsiz qərarı qəbul edən tərəf atmalıdır", – deyə şöbə müdiri fikrini yekunlaşdırıb.
Müxbir – Səbinə Əlizadə