Ekspert: Azərbaycan Şərqlə Qərbin kəsişməsində güclü nəqliyyat qovşağına çevrilir
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycan əsas beynəlxalq haba – Şərqlə Qərbin kəsişməsində güclü nəqliyyat, logistika və investisiya qovşağına çevrilir. Bu, ölkənin geosiyasi mövqeyini xeyli gücləndirəcək və beynəlxalq iqtisadiyyatda imkanlarını genişləndirəcək.
Bu fikri AZƏRTAC-a müsahibəsində rusiyalı ekspert, siyasi elmlər doktoru, Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri Tatyana Poloskova ifadə edib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması təkcə infrastruktur layihəsi deyil, həqiqətən də tarixi və vaxtında verilmiş qərardır. Onun əhəmiyyəti logistikadan çox-çox kənara çıxır. Bu, nəhəng humanitar, iqtisadi və siyasi potensiala malik bir addımdır.
"Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən maneəsiz quru dəhlizi təmin edilməlidir. Bu gün isə bu tələb reallığa çevrilir”, -deyə agentliyin həmsöhbəti qeyd edib.
Zəngəzur dəhlizinin Azərbaycan üçün aşkar üstünlükləri olduğunu diqqətə çatdıran Poloskova vurğulayıb ki, bu, təkcə ticarət dövriyyəsinin və ya tranzit axınının artması deyil, həm də keyfiyyət sıçrayışıdır.
O bildirib: “Üstəlik, bu dəhliz Ermənistan üçün təkcə infrastruktur baxımından deyil, həm də sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi kontekstində mühüm alətə çevrilə bilər. Ticarət, investisiyalar, yeni iş yerləri, logistikanın inkişafı - bütün bunlar Zəngəzur dəhlizinin açılması sayəsində mümkün olacaq. Deməli, açıq desək, Zəngəzur sadəcə yol deyil. O, bütün region üçün gələcəyə aparan bir yoldur”.