Ekspert: Azərbaycanın elektrik enerjisi siyasəti qlobal trendlərə uyğun strateji yanaşmadır
Bakı, 19 yanvar, AZƏRTAC
Dünyada elektrik enerjisinə tələbatın sürətlə artması fonunda Azərbaycanın bu sahədə yürütdüyü siyasət uzaqgörən və strateji əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Elman Sadıqov bildirib.
Onun sözlərinə görə, qlobal miqyasda enerji istehlakının artmasının əsas səbəbləri texnologiyaların inkişafı, elektromobillərin geniş yayılması və xüsusilə süni intellektin sürətli yüksəlişidir. Hazırda süni intellekt dünya üzrə istehlak olunan enerjinin təxminən 2 faizini istifadə edir. Proqnozlara əsasən, 2030-cu ildə bu göstərici 10 faizə çatacaq. Bu isə o deməkdir ki, yaxın gələcəkdə elektrik enerjisi enerji təhlükəsizliyinin əsas komponentinə çevriləcək.
Ekspert qeyd edib ki, elektrik enerjisinə artan tələbat iqlim dəyişiklikləri fonunda ənənəvi enerji mənbələrindən mərhələli şəkildə imtinanı qaçılmaz edir. Məhz bu səbəbdən alternativ və bərpaolunan enerji mənbələri – xüsusilə günəş və külək enerjisi prioritet hesab olunur. Bu sahədə Azərbaycanın həm quru ərazilərdə, həm də Xəzər dənizində yüksək potensiala malik olduğunu vurğulayan Elman Sadıqov bildirib ki, Avropa ölkələrində bu imkanlar məhduddur və nəticədə elektrik enerjisi idxalı zərurətə çevrilir.
Elman Sadıqov bildirib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın yaşıl enerji üzrə texniki potensialı quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil edir. Bu potensialın hətta bir hissəsinin reallaşdırılması belə ölkə üçün əhəmiyyətli valyuta gəlirləri, ümumi daxili məhsulun artımı və Avropanın enerji təhlükəsizliyində mühüm rol deməkdir.
Ekspert əlavə edib ki, gələcəkdə Azərbaycan yalnız elektrik enerjisi istehsalçısı və ixracatçısı deyil, həm də Orta Asiyada istehsal olunan enerjinin Avropaya ötürülməsində əsas tranzit ölkələrdən birinə çevrilə bilər. Bu isə ölkənin beynəlxalq enerji xəritəsində mövqelərini daha da gücləndirəcək.
Elman Sadıqov bildirib ki, alternativ enerjiyə keçid həm də ölkə imicinin dəyişməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan tədricən yalnız neft-qaz ölkəsi kimi deyil, yaşıl enerji istehsalçısı və ixracatçısı kimi tanınmağa başlayır. Bu yanaşma beynəlxalq maliyyə institutlarının və investorların da marağına uyğundur, çünki hazırda investisiyalar əsasən alternativ enerji layihələrinə yönəlir.
Ekspertin fikrincə, bərpaolunan enerji mənbələrinin genişlənməsi daxili bazarda da qaz istehlakının azalmasına, enerji səmərəliliyinin artmasına və iqtisadi baxımdan daha dayanıqlı modelin formalaşmasına şərait yaradacaq. Bu baxımdan Azərbaycanın seçdiyi yol həm iqtisadi, həm ekoloji, həm də strateji baxımdan uzunmüddətli üstünlüklər vəd edir.