Ekspert: Əmək münasibətlərinin rəsmiləşdirilməsi əhalinin real gəlirlərinin artmasına xidmət edir
Bakı, 14 dekabr, AZƏRTAC
Son illərdə ölkədə aparılan islahatlar əmək münasibətlərinin rəsmiləşdirilməsinə, gizli iqtisadiyyatın qarşısının alınmasına ciddi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, mövzunu şərh edən iqtisadçı-ekspert Elşad Məmmədovun sözlərinə görə, işçi işə qəbul edilərkən onunla əmək müqaviləsinin imzalanması bütövlükdə iqtisadi inkişafa xidmət edir: “Bu, bir tərəfdən işə götürülən şəxslərin sosial müdafiəsinin gücləndirilməsini təmin edir, digər tərəfdənsə büdcə daxilolmalarının çoxalmasına, ölkəmizin iqtisadi qüdrətinin artmasına şərait yaradır”.
E.Məmmədov vurğulayıb ki, əmək münasibətlərinin müqavilələr vasitəsilə rəsmiləşdirilməsi bütövlükdə işgüzar fəallığın və əhalinin real gəlirlərinin artmasında müsbət rol oynayır. Dünya təcrübəsinə əsasən, bazar iqtisadiyyatı şəraitində vergi yükü ilə işgüzar fəallığın təmin edilməsi arasında tarazlığın düzgün qurulması həssas məsələlərdəndir: “Ona görə də hesab edirəm ki, burada işgüzar maraqlar paralel qaydada təmin edilməlidir. Həm işəgötürənlə işçi arasında əmək müqavilələrinin bağlanması ilə bağlı tədbirlər həyata keçirilməli, həm də əmək müqavilələrinin imzalanmasına maraq yaratmaq üçün işəgötürənlər, eləcə də işə qəbul edilən şəxslər üçün müvafiq həvəsləndirici tədbirlər görülməlidir ki, iqtisadi fəaliyyətin stimullaşdırılmasına şərait yaransın. Sosial-iqtisadi və əmək siyasəti baxımından əmək münasibətlərinin leqallaşdırılması elə aparılmalıdır ki, müqavilə imzalayan tərəflər bundan iqtisadi nöqteyi-nəzərdən zərər görməsin”.
O, diqqəti hazırda ölkədə karantin məhdudiyyətlərinin tətbiq edildiyinə yönəldərək qeyd edib ki, dünya iqtisadiyyatındakı problemlər Azərbaycanda da işgüzar fəallığa təsirsiz ötüşmür və belə bir şəraitdə əmək münasibətlərinin rəsmiləşdirilməsi daha aktual səciyyə daşıyır.