Ekspert: Qar və yağışların həcminin artması ölkədə su ehtiyatlarına müsbət təsir göstərir
Bakı, 4 fevral, Pərvanə Qafarova, AZƏRTAC
Azərbaycanda müşahidə olunan kəskin və qeyri-sabit hava şəraiti fevral ayı üçün xarakterik hesab oluna bilər.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib.
O qeyd edib ki, fevral ayı hava kütlələrinin və siklonların hərəkət istiqamətindən asılı olaraq Bakıda hava şəraiti hər il dəyişkən keçir. “Bəzi illərdə fevralın ilk günləri nisbətən sabit və günəşli olur, ayın ortasından sonra isə hava kəskin dəyişir, temperatur aşağı düşür, qar və soyuq müşahidə olunur. Bu, fevral ayının tipik xüsusiyyətidir”, – deyə o vurğulayıb.
Ekspert bildirib ki, hazırkı hava şəraitini birbaşa qlobal iqlim dəyişiklikləri ilə əlaqələndirmək hələlik düzgün olmaz. Onun sözlərinə görə, yalnız fevral ayı ərzində kəskin mənfi temperatur göstəriciləri, intensiv qar örtüyü və uzunmüddətli anomal hallar müşahidə olunarsa, bu zaman proseslərin regional iqlim dəyişiklikləri kontekstində təhlili mümkün ola bilər.
A.Məmmədov deyib ki, yağıntıların həcminin artması ümumi su ehtiyatlarına müsbət təsir göstərir. “Yağıntılar çaylarda sululuğun artmasına səbəb olur, bu isə su anbarlarının dolmasına, suvarma məqsədilə istifadə olunan su ehtiyatlarının bərpasına imkan yaradır. Xüsusilə kənd təsərrüfatı üçün bu amil mühüm əhəmiyyət daşıyır”, – deyə o bildirib.
Bununla yanaşı, ekspert kəskin soyuqların bəzi hallarda kənd təsərrüfatı məhsullarına mənfi təsir göstərə biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, don hadisələri müəyyən bitkilərə zərər vura bilər, lakin fevral ayında dolu yağması nadir xarakter daşıyır.
Ekspert qar örtüyünün regionlar üçün əhəmiyyətini də xüsusi vurğulayıb. Bildirib ki, qarın əriməsi nəticəsində sular torpağa hoparaq yeraltı su ehtiyatlarını zənginləşdirir. Bu isə yay aylarında artezian quyularının və yeraltı su mənbələrinin debetinin artmasına müsbət təsir göstərir.
“Ümumilikdə, hazırda ölkə ərazisində müşahidə olunan hava şəraiti fevral ayı üçün normal hesab oluna bilər və qeyri-adi və ya paradoksal bir vəziyyət kimi qiymətləndirilməməlidir”, – deyə Amin Məmmədov əlavə edib.