Ekspert: Sentyabrda sərhəddə vəziyyətin gərginləşəcəyi gözlənilən idi
Bakı, 6 sentyabr, AZƏRTAC
Erməni təxribatlarının artacağı və sentyabrda sərhəddə vəziyyətin gərginləşəcəyi gözlənilən hal idi. Arayik Arutyunyanın istefasından öncə onlar öz “konstitusiya”larında dəyişiklik etdilər. Əgər prezident seçkiləri zamanı ekstremal hal yaranarsa, səlahiyyətlər parlamentə keçir və parlament 10 gün müddətində yeni “prezident” seçməlidir. Bu qərar qəbul olunan zaman artıq məlum idi ki, Arayik Arutyunyan öz gedişi üçün zəmin yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov söyləyib.
O qeyd edib ki, Arayik Arutyunyandan öncə parlamentin sədrinin gedəcəyi proqnozu da özünü doğruldub. “Arayik Arutyunyan istefası zamanı 44 günlük müharibədən sonra öz nüfuzunun düşməsini bəhanə göstərdi. Lakin məsələ bundan ibarətdir ki, Arayik Arutyunyan Rusiyaya deyil, Nikol Paşinyana daha yaxın mövqe nümayiş etdirirdi. Nikol Paşinyan isə Qərb tərəfdaşıdır. Məhz Rusiyanın ona göstərdiyi təzyiqlər səbəbindən Arayik Arutyunyan istefa verməyə məcbur oldu. Hazırda isə Rusiyanın bir nömrəli adamı Ruben Vardanyan daha aktiv fəaliyyət nümayiş etdirir. Hətta o, öz çıxışları zamanı Arayik Arutyunyanı istefa verməyə çağırırdı. Bir digər Rusiya meyilli David İşxanyanın “parlament” sədri seçilməsi də istefa üçün digər faktor oldu. Bütün bunlar Qarabağda maraqlı olan böyük dövlətlərin siyasi toqquşmasının nəticəsidir.
Bu yaxınlarda humanitar yardım adı ilə Fransa guya Xankəndidə yaşayan erməniəsilli vətəndaşların “aclıqdan” xilas edilməsinə canıyananlıq edib və Azərbaycanın razılığı olmadan ermənilərə maddi yardım yolladı. Bu isə Fransanın “humanitar yardım” ilə ölkəmizin daxili işlərinə qarışması deməkdir. Ancaq Azərbaycanın prinsipial mövqeyi səbəbindən onlar öz gətirdikləri ilə birlikdə geri qayıtmalı oldular.
Öncələr proseslər Zəngəzurda daha gərgin şəkildə davam edirdi. Rusiya, İran və bir sıra Qərb ölkələri Zəngəzurda öz fəaliyyətlərində aktiv idilər. Lakin hazırda Rusiya Qərbə nümayiş etdirir ki, Qarabağda əsas sözükeçən ölkədir. Lakin hər kəs Azərbaycan Silahlı Qüvvələrinin lazım olduğu təqdirdə, yarana biləcək bütün təhlükələrə layiqincə cavab verə biləcək potensialda olduğunu bilməlidir. Hazırda Kəlbəcər və Basarkeçər istiqamətdə baş verən gərginlik bütövlükdə Azərbaycan və Ermənistan sərhədi boyunca davam edə bilər. Erməni hərbi texnikasının hərəkəti, bölgəyə canlı qüvvənin gətirilməsi eskalasiyanın davam edəcəyini göstərir. Onlar Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun gücünü unudublar. Bu səbəbdən də vəziyyəti ağırlaşdırmaqdan əl çəkmirlər. Azərbaycanın sülh müqaviləsini imzalamağa doğru atdığı addımları görməzdən gəlirlər. Eyni zamanda, Qarabağda maraqları toqquşan dövlətlər sülh müqaviləsinin bağlanmasını istəmirlər. Rusiya da öz növbəsində Qarabağdakı vəziyyəti bir müddət uzatmaq istəyir. Ermənilər bilməlidir ki, məsələyə vahid yanaşma olmadığı təqdirdə,problem davam edəcək”, - deyə T.Qasımov bildirib.