Ekspert: Turizm infrastrukturunun inkişaf etdirilməsi Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər
Bakı, 27 fevral, AZƏRTAC
Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2,7 milyard dollara yaxın idi. Bu sektor, həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, bu ilin ilk ayında Azərbaycana 119,1 min turist gəlib. Bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 1,6 dəfə çoxdur. Gələnlərin 33,8 faizi Rusiya, 21,1 faizi Türkiyə, 9,3 faizi İran, 5,6 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Pakistan, 2,1 faizi Küveyt, hər birindən 1,8 faiz olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1 faizi digər ölkələrin vətəndaşları olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 9,9 dəfə, Hindistandan 8,6 dəfə, Türkmənistandan 5 dəfə, Özbəkistandan 5 dəfə, Belarusdan 3,6 dəfə, Çindən 3,1 dəfə, Qazaxıstandan 3 dəfə, Küveytdən 2,9 dəfə, Omandan 2,2 dəfə, İsraildən 2,1 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 1,9 dəfə, Gürcüstandan 1,6 dəfə, ABŞ-dan 1,6 dəfə, Rusiyadan 1,5 dəfə, Britaniyadan 47,6 faiz, Türkiyədən 40,7 faiz, Ukraynadan 19,8 faiz, İrandan 15,6 faiz artıb.
Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da turizmin inkişafına təsirsiz ötüşmür. 2022-ci ildə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pandemiyadan əvvəlki göstəricilərə çatmaq hədəfi qarşıya qoyulmalıdır.