Eksternat imtahanları üçün onlayn sənəd qəbulu davam edir
Bakı, 14 dekabr, AZƏRTAC
Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanları üçün onlayn sənəd qəbulu davam edir.
Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, onlayn sənəd qəbulu dekabrın 18-dək həyata keçiriləcək. Eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər müvafiq sənədləri [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Bakı şəhəri üzrə eksternat qaydasında aralıq imtahanları dekabrın 28-dən 2021-ci il yanvarın 16-dək paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.