SİYASƏT
“Əl-Ərəb” qəzetində dərc edilmiş müsahibədə Azərbaycan-Qətər münasibətlərinin inkişafından danışılır

Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılovun bu ölkənin nüfuzlu “Əl-Ərəb” qəzetində geniş müsahibəsi dərc edilib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, müsahibədə Azərbaycan-Qətər münasibətləri, ikitərəfli əməkdaşlığın prioritet məsələləri, Azərbaycandakı mövcud əlverişli investisiya mühiti, turizmin inkişafı və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı haqqında geniş məlumat verilib.
Səfir Azərbaycan-Qətər münasibətlərindən danışaraq, son iki il ərzində dövlət başçıları tərəfindən həyata keçirilmiş səfərlərin əməkdaşlığın inkişafına böyük töhfə verdiyini bildirib. Azərbaycan-Qətər siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, lakin iqtisadi əlaqələrin arzuolunan səviyyəyə çatmadığını bildirən səfir hazırda ikitərəfli münasibətlərdə iqtisadi əməkdaşlığın inkişafının prioritet olduğunu diqqətə çatdırıb. Səfir ölkəmizdə xarici investisiyalar üçün əlverişli şəraitin yaradıldığını, investorların hüquqlarının qorunması üçün lazımi iqtisadi islahatların aparıldığını və müvafiq qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib.
Müsahibədə, həmçinin Azərbaycanın turizm imkanlarından geniş söz açılıb. Qətər Hava Yolları tərəfindən Azərbaycana həftədə 14 uçuşun həyata keçirilməsinin, viza rejiminin sadələşdirilməsinin və ölkəmizin turizm potensialının Qətərdən gələn turistlərin sayının artmasında mühüm rol oynadığı qeyd edilib.
Səfir Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarların qəbuluna Qətərin verdiyi dəstəyin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımının bu il 100 illiyinin qeyd edildiyini vurğulayıb, bu qırğınlara beynəlxalq müstəvidə hüquqi qiymətin verilməməsinin təəssüf doğurduğunu bildirib. O, ərazilərimizin 20 faizinin hələ də işğal altında qaldığını və bir milyon vətəndaşımızın qaçqın vəziyyətində yaşadığını qeyd edib.