MƏDƏNİYYƏT
“əl-Muraqib əl-İraqi”: İkinci Bakı Şopinq Festivalı alış-verişin ünvanına çevrilib
Bakı, 27 oktyabr, AZƏRTAC
İraqın məşhur “əl-Muraqib əl-İraqi” qəzeti Azərbaycan üzrə mütəxəssis yazar Mutəzz Muhy Əbdülhəmidin müəllif yazısını dərc edib. “Azərbaycan turizm və şopinq sənayesində öncül dövlətdir” adlı məqaləsində müəllif ölkəmizin tarixinə, mədəniyyətinə, təbiətinə qısa ekskurs edir, oxucuları da virtual səyahətə aparır.
AZƏRTAC-ın məlumatına görə, yazıda qeyd edilir ki, multikulturalizm fikirləri hələ bu termin yaranmamışdan qabaq Azərbaycanda qədimdən mövcud olub. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan Şərqlə Qərb arasında təkcə coğrafi deyil, həm də mədəni körpüdür. Malik olduğu bütün bu özəlliklərlə yanaşı, Azərbaycan turizm sektorunu inkişaf etdirmək, ölkə iqtisadiyyatında bu sahənin payını artırmaq məqsədilə bir sıra həvəsləndirici festivallar, tədbirlər həyata keçirir. Yazı müəllifi bu tədbirlərin içərisində bir ildə artıq ikinci dəfə keçirilən Bakı Şopinq Festivalının rolunu xüsusilə vurğulayır.
Məqalədə qeyd edilir ki, oktyabrın 15-dən paytaxtımızda start götürmüş II Bakı Şopinq Festivalına 500-dən artıq ticarət obyekti qoşulub. Bu mağazalar və xidmət mərkəzlərinin əksəriyyətinin ƏDV qaytarılması sisteminə qoşulması turistlər və yerli alıcılar üçün böyük fürsətlər yaradır.
“İkinci Bakı Şopinq Festivalı alış-verişin ünvanına çevrilib” deyən iraqlı yazar şopinq həvəskarlarını, ailələri Bakıya gəlməyə və təqdim olunan endirimlərdən, sərfəli qiymətlərdən yararlanmağa çağırır: “Bu ayın ortalarından başlanan festivalda şopinq həvəskarları və ailələr rəngarəng və özünəməxsus proqramlardan, xidmətlərdən həzz alacaqlar. Bu ay çoxlu həyəcan dolu tədbirlər təşkil olunacaq, sərfəli alış-veriş təklifləri, endirimlər, şəhərin hər yerində yayılmış şopinq məkanlarının çoxunda hədiyyələr təqdim ediləcək”.