Əlcəzairdə ölüm hökmünün icrası məsələsi yenidən gündəmə gəlib
Qahirə, 10 sentyabr, AZƏRTAC
Əlcəzairdə 1993-cü ildən icrası dayandırılan ölüm hökmünün yenidən tətbiqi məsələsi gündəmə gəlib.
AZƏRTAC xəbər verir ki, bu məsələ ölkədə baş verən qəsdən törədilən yanğınlar və uşaq oğurluğu halları ilə bağlı müzakirə olunur.
Əlcəzair Nazirlər Şurası ölüm hökmünün icrasının bərpa edilə biləcəyi cinayətlərin dairəsini müəyyənləşdirib. Bu qərar Prezident Əbdülməcid Tebbunun Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı göstərişindən sonra qəbul edilib.
Ölkənin bir sıra vilayətlərində baş verən və insan tələfatı, eləcə də ciddi maddi ziyanla nəticələnən meşə yanğınları ölüm hökmünün yenidən tətbiqi məsələsini gündəmə gətirib. Yanğınların bir qisminin qəsdən törədildiyi ehtimal edilir. Ölüm hökmünün uşaq oğurluğu və ya uşaqlara qarşı ağır cinayət törədən şəxslərə də şamil olunması təklif edilir.
Lakin bu qərar ölkənin siyasi dairələrində geniş müzakirələrə səbəb olub. Demokratik yönümlü bir sıra partiyalar, o cümlədən Mədəniyyət və Demokratiya Uğrunda Birlik, Sosialist Qüvvələr Cəbhəsi, Yeni Nəsil və Əmək Partiyası ölüm hökmünün icrasına qarşı çıxıb.
Əlcəzair Xalq Milli Azadlıq Cəbhəsi, Milli Demokratik Birlik və bəzi mühafizəkar siyasi qüvvələr isə qərarı dəstəkləyiblər.
Qeyd edək ki, ötən ay Əlcəzairin bir sıra vilayətlərində, xüsusilə ölkənin şərqində genişmiqyaslı meşə yanğınları baş verib. Yanğınlar nəticəsində insanlar həyatını itirib, kənd təsərrüfatı sahələrinə, heyvandarlıq təsərrüfatlarına və yaşayış evlərinə ciddi ziyan dəyib.