ƏLƏKBƏR İMAMƏLİYEV: ÇATIŞMAZLIQLAR ÜZƏRİNDƏ DAHA ÇOX İŞLƏYƏCƏYİK
İranda başa çatmış “Fəcr” turnirində yığma komandamız 5 medal qazansa da, bəzi idmançılarımızın göstərdikləri nəticədən narazı qaldım.
Bu turnir göstərdi ki, yüksək nəticələrin əldə olunması üçün idmançıların fiziki hazırlığı üzərində daha çox işləməliyik.
Bunu AZƏRTAC-a Azərbaycanın taekvondo üzrə yığma komandasının baş məşqçisi Ələkbər İmaməliyev demişdir. Baş məşqçi xüsusilə dünya çempionatının bürünc mükafatçısı Təvəkkül Bayramov (84 kq) və İlkin Şahbazovun (67 kq) çıxışından narazı qaldığını söyləmişdir. “Təvəkkül Bayramov səviyyəsindən aşağı çıxış etsə də, finala vəsiqə uğrunda İran idmançısı ilə qarşılaşan İlkin Şahbazov ilk hissədə rəqbini böyük hesabla məğlub etdi. Lakin, növbəti iki hissədə İranlı idmançının təzyiqlərinə tab gətirməyərək bürünc medalla kifayətlənməli oldu. Bununla belə bu turnirdə gənc idmançılarımızdan Elvin Məmmədov (72 kq) yaxşı təsir bağışladı” - deyə Ə.İmaməliyev bildirdi.
Son zamanlar sıx yarış cədvəlini nəzərə alaraq yığma komandamızın əsas üzvləri - Niyaməddin Paşayev və Pekin Olimpiadasına yeganə lisenziyanın sahibi Rəşad Əhmədova istirahət verməyi qərara alan Ə.İmaməliyev, hər iki idmançının artıq növbəti turnirlərə qatılacağını demişdir.
Xatırladaq ki, 14 ölkənin iştirak etdiyi “Fəcr” turnirində Azərbaycan yığması iki qızıl, üç bürünc medala layiq görülmüşdü.