SİYASƏT
Əli Hüseynli: TÜRKPA yarandığı gündən xalqlarımız arasında münasibətlərinin dərinləşməsinə xidmət edib
Bakı, 6 mart, AZƏRTAC
Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) yarandığı gündən dövlətlərimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə xidmət edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasında Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib.
O, TÜRKPA-ya Qarabağın Ermənistan tərəfindən işğalı dövründə və Vətən müharibəsi zamanı Azərbaycanın haqq işini dəstəklədiyinə görə minnətdarlığını bildirib. Deyib ki, xalqlarımız xoş və çətin günlərdə bir-birinə dayaq olur, dövlətlərimiz isə bu qardaşlığı siyasi qərarlarla möhkəmləndirir.
“Son illər TÜRKPA-ya üzv olan ölkələrin dövlət başçılarının dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdiyini müşahidə etdik. Bu işdə Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri var. Qarşımızda duran əsas vəzifələrdən biri TÜRKPA-ya üzv ölkələrin qanunvericiliyinin yaxınlaşdırılmasıdır. Bu baxımdan bu gün müzakirə ediləcək Reproduktiv sağlamlığın qorunması haqqında Model Qanun layihəsi əhəmiyyətlidir”, - deyə Əli Hüseynli qeyd edib.