Əlli altı il birlikdə yaşayan ailə cütlüyü eyni gündə koronavirusdan sağalıb
Bakı, 22 aprel, AZƏRTAC
Böyük Britaniyada 56 il birlikdə yaşayan ailə cütlüyü eyni gündə koronavirusdan sağalıb.
AZƏRTAC “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, aprel ayında 77 yaşlı Sidni Mura və onun 76 yaşlı həyat yoldaşı Cin koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Beş gündən sonra ailə cütlüyünün testləri mənfi nəticə göstərib və onlar xəstəlikdən bərpa olunmaları üçün evlərinə buraxılıb.
Martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 12:50-yə olan məlumatına əsasən, dünyada 2 milyon 566 mindən çox yoluxma və 177 min 802 ölüm faktı qeydə alınıb, 697 min 107 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.