Elmi jurnalların beynəlxalq bazalarda təmsilçilik məsələləri ilə bağlı fəaliyyət planı təqdim edilib
Bakı, 4 avqust, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının vəziyyəti haqqında məsələ müzakirə olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova jurnalların beynəlxalq akademik bazalarda təmsilçilik məsələləri ilə bağlı fəaliyyət planını təqdim edib.
R.Həsənova diqqətə çatdırıb ki, fəaliyyət planına əsasən işçi qrup təşkil olunub, elmi jurnalların “Web of Science” bazasında təmsilçilik məsələləri araşdırılıb və institutun elmmetriya saatında təqdim olunub. Jurnalların veb-saytları ilə nəşriyyatın veb-səhifəsi arasında qarşılıqlı hiperistinadların yaradılması istiqamətində problemlər aradan qaldırılıb, elmi jurnalların saytında müəlliflərin rəy izləmə imkanı təkmilləşdirilib.
Məruzəçi jurnalogiya - akademik nəşr prosesinin bütün aspektlərinə dair tədqiqatların aparıldığını, bu məsələyə həsr olunmuş elmmetriya saatının keçirildiyini və broşürün hazırlandığını da diqqətə çatdırıb. Qeyd edib ki, redaksiya heyəti üzvlərinin təyin edilməsi qaydaları, ədəbiyyat siyahısının hazırlanmasında transliterasiya sisteminin tətbiqi, məqalələrin ədəbiyyat siyahısının beynəlxalq standartlar əsasında tərtib edilməsi, elmi jurnalların “Web of Science”, “Scopus” və digər bazalarda təmsilçilik məsələləri ilə bağlı işlər davam etdirilir.
Onun sözlərinə görə, elmi jurnalların beynəlxalq akademik bazalarda qeydiyyatı üçün müraciətlərin hazırlanması və göndərilməsi, elmi jurnalların veb-saytlarının vahid standarta gətirilməsi qaydaları, jurnalların veb-saytlarının beynəlxalq standartlara uyğunlaşdırılması da fəaliyyət planı çərçivəsində görüləcək işlər sırasındadır.
R.Həsənova, həmçinin müəlliflərin coğrafiyasının genişləndirilməsi məsələləri, “İnformasiya cəmiyyəti problemləri” jurnalının Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycanda məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısında multidisiplinar jurnal kimi göstərilməsinin təmin edilməsi, jurnallardakı məqalələrin ingilis dilinə tərcümə edilməsi və digər məsələlər barədə məlumat verib.
İnstitutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov fikirlərini bölüşərək hər iki jurnalın fəaliyyət planında qarşıya qoyulan məsələlərlə bağlı işlərin sürətli şəkildə davam etdiyini, yaxın vaxtlarda qeyd olunan problemlərin həllinin nəzərdə tutulduğunu söyləyib.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının “Web of Science”, “Scopus” kimi nüfuzlu beynəlxalq bazalarda təmsil olunmasının institutun qarşısında duran əsas vəzifələrdən olduğunu vurğulayıb. Akademik işçi qrupun üzvləri və digər məsul şəxsləri jurnallarla bağlı qarşıya qoyulmuş tapşırıqların icrasında fəal olmağa çağırıb.