ELM VƏ TƏHSİL
Elmi-tədqiqat fəaliyyətinin universitetlərin rəqabətqabiliyyətliliyinə təsiri
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Marketinq kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Elmira Qocayeva, Bakı Biznes Universitetinin elmi işlər üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Məleykə Abbasova və həmin universitetin tədris işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Xatirə Əzizovanın təşkilatçılığı ilə “Elmi-tədqiqat fəaliyyətinin universitetlərin rəqabətqabiliyyətliliyinə təsiri” mövzusunda onlayn təlim-seminar keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, təlim-seminarda Elçin Süleymanov tədqiqat mövzusunun seçilməsindən, ölkə əhəmiyyətli məqalələrin yazılıb jurnallara ünvanlanmasından, elmi-tədqiqat bazalarında profil açılmasının faydalarından danışıb. O, Azərbaycan universitetlərinin tədqiqat mərkəzlərində və müvafiq laboratoriyalarında aparılan araşdırmaların beynəlxalq elmi bazalardakı mövcud vəziyyəti ilə bağlı fikirlərini bildirib.
Tədbirdə beynəlxalq elmi bazalardan effektiv istifadə, elmi jurnalların indekslənmə sistemləri və elmmetrik göstəricilərin təhlili, impakt faktorlu elmi jurnallarda məqalə standartları, tədqiqat problemlərinin qoyuluşunda başlıca amil göstəriciləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.