İQTİSADİYYAT
Əmanətlərin Sığortalanması Fondu “Muğan Bank”ın kreditorlarına müraciət edib
Bakı, 26 oktyabr, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Muğan Bank” ASC-nin kreditorlarına müraciət edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 24 oktyabr tarixli, 2-3(103)-54/202 nömrəli qərarı ilə “Muğan Bank” ASC müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilib.
Oktyabrın 27-dən etibarən ləğv prosesində olan “Muğan Bank” ASC-yə qarşı tələblərin yazılı şəkildə qeydə alınmasına başlanılacaq. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
kreditorun adı və ünvanı;
tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Ləğv prosesində olan “Muğan Bank” ASC-nin kreditorlarından xahiş olunur ki, dekabrın 25-dək kreditor tələblərinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:
Ləğv prosesində olan “Muğan Bank” ASC-nin baş ofisi.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B.
Əlaqə: (+994) 941.