Əmanətlərin Sığortalanması Fondu qanvermə aksiyası keçirib
Bakı, 10 iyul, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondunda (ADIF) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək çərçivəsində talassemiya, hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün növbəti qanvermə aksiyası baş tutub.
ADIF-dən AZƏRTAC-a bildirilib ki, aksiyada könüllü donor kimi Fondun 100-dən çox əməkdaşı iştirak edib. Fond tərəfindən həyata keçirilən sayca üçüncü qanvermə aksiyasının əsas məqsədi hemofiliya və talassemiya, eləcə də digər qan xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara könüllü və təmənnasız yardım etmək, habelə onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları əvvəlcə hər bir donordan qanın ümumi analizini götürüb, ardınca isə digər tibbi müayinələri keçirib. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.