Əmək və əhalinin sosial müdafiəsi naziri ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Bakı, 11 fevral, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri, “Yüksəliş” Təşkilat Komitəsinin üzvü Sahil Babayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Fərrux Məhərrəmli və Nərgiz Balakişiyeva ilə görüşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqənin Mentorluq proqramı çərçivəsində keçirilən görüşdə Sahil Babayev qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Nazir hər iki qalibə təcrübə imkanlarının artırmaq və potensiallarını üzə çıxarmaq üçün birillik fərdi inkişaf planı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən zəruri şərait yaradılaraq dəstək göstəriləcəyini qeyd edib.
S.Babayev əmək, məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan ardıcıl islahatlar, DOST konsepsiyası, sosial sahədə innovativ həllərin, rəqəmsal texnologiyaların geniş tətbiqi işləri, gələcək sosial hədəflər barədə məlumat verib.
F.Məhərrəmli və N.Balakişiyeva onlara təcrübə imkanlarını artırmaq üçün yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli ölkə vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər ( https://yukselish.az/mentors.html ) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
2023-cü ildə də növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə əlaqədar 2022-ci il dekabrın 20-də Prezident İlham Əliyev Sərəncam imzalayıb.