Əmək və əhalinin sosial müdafiəsi naziri Naftalanda vətəndaşların müraciətini dinləyib
Bakı, 28 fevral, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naftalan şəhərində həmin şəhərin və Goranboy rayonunun sakinlərinin müraciətini dinləyib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə A.Əliyev və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailəsi üzvləri və müharibə veteranları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.
Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Nazirə müraciət edənlər arasında şəhid Milli Qəhrəman Sərxan Ocaqverdiyevin anası Gülzar Ocaqverdiyeva da olub. O, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.