Əmlak Məsələləri Dövlət Komitəsinin sədri İmişlidə vətəndaşlarla görüşüb
İmişli, 29 mart, Mahir Babayev, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, martın 29-da Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov İmişli şəhərində vətəndaş qəbulu keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbulda İmişli rayonu ilə yanaşı, Beyləqan, Ağcabədi, Fizuli rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Komitənin müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbulda vətəndaşların müraciətlərinə əsasən, daşınmaz əmlakların qeydiyyata alınması, torpaqların təyinatına və faktiki vəziyyətinə uyğun istifadəsi, dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı olub. Həmçinin, hərraclarda iştirak, torpaqların elektron kadastr uçotu, dövlət əmlakının icarəyə götürülməsi ilə bağlı müraciətlər də səsləndirilib.
Vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən komitə sədri bütün məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlarını verib. Bəzi müraciətlər dərhal həll edilib. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və onların həlli istiqamətində struktur bölmələrin rəhbərlərinə müvafiq göstərişlər verilib. Komitənin fəaliyyət istiqamətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə göndərilməsi üçün qeydiyyata alınıb.
Bildirilib ki, birbaşa vətəndaşların iştirakı ilə məsələlərin həlli təmin ediləcək.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətləri dinləyən sədr bu sahədə Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanlardan, həyata keçirilən yeniliklərdən, prosedurların sadələşdirilməsindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanının icrasına başlanılıb. Fərmana uyğun olaraq, bir neçə binada yerləşən mənzillərə çıxarışların verilməsi məqsədilə sənədlərin toplanılmasına başlanılıb. Müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasına xidmət edən Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi ilə bağlı görülən işlərin davam etdirildiyi də qeyd olunub.
Qəbul zamanı K.Həsənov göstərilən xidmətlərdə şəffaflığın və operativliyin təmin olunması barədə bütün zəruri tədbirlərin görülməsi üçün komitənin ərazi idarələrinin, tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib.