REGİONLAR
Ercan Murat: Naxçıvan Muxtar Respublikası inanılmaz dərəcədə dəyişib, inkişaf edib
Naxçıvan, 3 mart, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında çox gözəl infrastruktur yaradılıb. Naxçıvan şəhərində gözəl binalar inşa olunub, köhnələri əsaslı təmir edilib, tarixi keçmişə xüsusi həssaslıqla yanaşılıb, muzeylər yaradılıb. İnsanlar burada rahat və firavan yaşayırlar.
Martın 2-də Naxçıvana səfəri çərçivəsində muxtar respublikanın paytaxtındakı mədəniyyət müəssisələri, tarixi abidələr, istehsal sahələri ilə tanış olan Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Azərbaycan Respublikasındakı rezident nümayəndəsi vəzifəsini icra edən Ercan Murat bu sözləri AZƏRTAC-a müsahibəsində deyib.
Naxçıvana səfərinin təəssüratları barədə danışan Ercan Murat bildirib ki, 1997-2001-ci illərdə BMT-nin nümayəndəsi kimi Azərbaycanda fəaliyyət göstərib. Həmin illərdə bir neçə dəfə muxtar respublikada səfərdə olub. Blokada vəziyyətində olan diyardakı vəziyyətlə yaxından maraqlanıb.
O deyib: “Naxçıvan diyarını çox sevirəm. Ona görə də 14 il sonra təkrar Naxçıvana səfər edərək bu gözəl yurdu görmək istədim. Gəldim və burada gördüklərim məni heyrətə saldı. Naxçıvan Muxtar Respublikası inanılmaz dərəcədə dəyişib, inkişaf edib. Mən muxtar respublikanın paytaxtını görəndə gözlərimə inana bilmədim. Çox gözəlləşib, müasir Avropa şəhərinə çevrilib”.
Naxçıvanda sənayenin də inkişaf etdiyini deyən Ercan Murat muxtar respublikanın ötən illər ərzində çox böyük inkişaf yolu keçdiyini vurğulayıb: “Mən əldə edilən bu nailiyyətlərə görə naxçıvanlıları alqışlayır, onları təbrik edirəm. Naxçıvandakı inkişafdan şad oldum”.