Erməni təxribatı ilə əlaqədar Fransa Prezidentinə, Milli Assambleyanın və Senatın sədrlərinə müraciət edilib
Paris, 20 iyul, AZƏRTAC
Fransadakı Azərbaycan icması və bütövlükdə dünya azərbaycanlıları adından Fransa rəhbərliyini Ermənistanın iyulun 12-də Azərbaycana qarşı başlatdığı hərbi təcavüzü qınamağa çağırırıq.
AZƏRTAC xəbər verir ki, bu çağırış Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının bu ölkənin Prezidentinə, Milli Assambleyanın və Senatın sədrlərinə, eləcə də digər qurumların rəhbərlərinə ünvanladığı müraciətdə öz əksini tapıb.
Müraciətdə bildirilib ki, hadisələrin məzmun və mənasını saxtalaşdırmaqla erməni tərəfi özünü Azərbaycan Silahlı Qüvvələrinin qurbanı kimi təqdim edir. Son hadisələrin erməni təxribatı olmasını aydın görməsi və faktları düzgün qiymətləndirməsi üçün Fransa hökuməti bütün lazımi məlumatlara malikdir. Ermənilərin son təxribatının Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon ilə heç bir əlaqəsi yoxdur. Ermənistan silahlı qüvvələrinin artilleriyadan istifadə etməklə son hücumu Dağlıq Qarabağdan uzaq məsafədə, Azərbaycanın şimal-qərbində yerləşən Tovuz rayonunda baş verib. Bu bölgə Azərbaycanın qaz və neft kəmərlərinin keçdiyi enerji dəhlizidir. Bu nöqteyi-nəzərdən, hərbi hücumun motivi aydındır: enerji təchizatı baxımından vacib olan bir bölgədə stabilliyi pozmaq. Ermənistan Müdafiə Nazirliyinin “yeni üstün mövqeləri” işğal etməklə bağlı hədələri hücumun bu motivini bariz şəkildə əks etdirir.
Vurğulanıb ki, Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində çoxsaylı qurbanlar vermiş, əhalisinin 1 milyonundan çoxu qaçqın və məcburi köçkün olmuş, torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan xalqı heç vaxt Ermənistanın təcavüzkarlığını qəbul etməyəcək. Artıq 30 ildir ki, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında qanunu pozur və onun rəhbərləri həyasızcasına yalnız qanunsuz erməni milisindən ibarət qrupdan ibarət olan qondarma “Dağlıq Qarabağ respublikası” adı ilə manipulyasiya edirlər. Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, amma bilməlidir ki, yalnız bir reallıq var: bu erməni milisləri və onların silahdaşları Ermənistan ərazisinə qayıtmalı və işğal edilmiş torpaqları Azərbaycan xalqına qaytarmalıdırlar.
Məktubda BMT Nizamnaməsinin VII fəslinin 51-ci maddəsi xatırladılıb, Azərbaycan xalqının həmin maddədə göstərildiyi kimi, xalqını və ərazilərini müdafiə etmək üçün silahlı qüvvələrdən istifadə etmək hüququ olan hökumətinin arxasında birləşdiyi bildirilib. Qeyd edilib ki, iyulun 12-də başlayan təcavüz Ermənistan rəhbərliyinin dalana dirəndiyini göstərir. Ermənistan başa düşməlidir ki, yalnız BMT qarşısında elan etdiyi sərhədləri daxilində onun gələcəyi ola bilər.
Məktubda qeyd edilib ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Minsk qrupunun həmsədri qismində məsuliyyəti üzərinə götürməlidir. Eləcə də Avropa İttifaqının lideri rolunu nəzərə alaraq Fransa xatırlamalıdır ki, Avropa İttifaqının təsis müqaviləsinin 21-ci maddəsinin 1-ci bəndində beynəlxalq fəaliyyətdə hüquqa ciddi riayət edilməsi tələb edilir. Bu maddə Avropa İttifaqının Ermənistan ilə münasibətlərinin təməl daşı olmalıdır.