Erməni vəhşiliyi əsl qiymətini almalıdır
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.
Mərkəzin İnformasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin, eləcə də Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı qüvvələrinin Rusiyanın 366-cı motoatıcı alayının Azərbaycanlılara qarşı XX əsrdə görünməmiş qırğın törətdiyini bildirən mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Xocalı faciəsinin qurbanları arasında günahsız körpələrin, uşaqların, qocaların da olduğunu deyib. “Bu, faciə erməni vəhşiliyinin tarixdə misli görünməmiş formada ifadəsidir. Soyqırımı törədənlərin başlıca məqsədi kimliyindən asılı olmayaraq qarşısına çıxan hər kəsi məhv etmək olub. Günahsız körpələrə, qadın və uşaqlara aman verilməməsi vəhşilik və qaniçənliyin dəhşətli formasıdır”.
Memarlıq və İnşaat Universitetinin dosenti Telman Əliyev Xocalı hadisələrindən danışaraq dünya birliyinin susqunluğunu xatırladıb: “Ermənilərin Xocalıda törətdiyi vəhşiliklər insanlığa sığmayan bir qırğındır. Təəssüf ki, dünya birliyi aradan ötən bu qədər müddət ərzində qətliam törədənlərin əsl qiymətini verməyib. “
Sonra Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirilib.