Ermənistan paytaxtında etirazçılar metropolitenin fəaliyyətini dayandırıblar
Bakı, 8 dekabr, AZƏRTAC
Ermənistan müxalifətinin fəalları baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvan metropolitendə qatarların hərəkətini dayandırıblar.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə metropoliteninin mətbuat katibi Tatev Xaçatryan deyib.
“Hazırda “Qorsaranain” stansiyasında keçirilən aksiya səbəbindən bütün metropolitenin fəaliyyəti dayanıb. Hələlik metronun nə vaxt normal fəaliyyətə başlayacağı məlum deyil”, - deyə o bildirib.
Etiraz aksiyası, həmçinin İrəvanın mərkəzində, paytaxt ətrafında və Ermənistanın bütün vilayətlərində keçirilir. Ararat şəhərində hökumət başçısının tərəfdarları və əleyhdarları arasında toqquşmalar qeydə alınıb. İnsident zamanı bir neçə fəal saxlanılıb. Polis, eyni zamanda müxalif “Daşnaksütyun” partiyasının nümayəndəsi, “Erkir Media” telekanalının xəbər bloku portalının rəhbəri Geqam Manukyanı həbs edib.
“Nikolsuz Ermənistan, Nikol getməlidir, Nikol torpaqlarımızı satıb” şüarları səsləndirən müxalif fəallar paytaxtın əsas yollarında və prospektlərində hərəkəti dayandırıb, şəhərdə böyük tıxaclar əmələ gəlib.
Bir müddət öncə “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan “Facebook” sosial şəbəkəsində canlı yayım edərək Nikol Paşinyanın istefasına verilən vaxt (yerli vaxtla saat 12:00) bitdikdən sonra Ermənistanın 17 müxalif partiyasının etiraz aksiyalarına başlayacağını elan edib.
Qeyd edək ki, dekabrın 5-də 17 partiyadan təşkil olunan “Vətənin xilası uğrunda komitə” Nikol Paşinyanın hökumət bağı qarşısında etiraz aksiyası keçirərək onun dekabrın 8-dək istefa verməsi barədə ultimatum irəli sürmüşdü.