“Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” kitabının təqdimatı olub
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin ev-muzeyinin həmtəşkilatçılığı ilə Nizami Gəncəvi Beynəlxalq Ədəbiyyat Festivalı çərçivəsində “Nizami Gəncəvi irsi əlyazmalarda, miniatürlərdə və musiqidə” adlı elmi-praktik konfrans keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdən öncə hazırlanmış sərgidə Ərtoğrol Cavidin Nizami qəzəllərinə bəstələdiyi musiqilərin not yazılarının əlyazmaları ictimaiyyətə təqdim edilib. Nümayiş olunan yeni nəşrlər sırasında muzeyin çap etdirdiyi “Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” kitabı da yer alıb.
Konfransın plenar iclasında muzeyin baş direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı “Nizami Gəncəvi irsi və Ərtoğrol Cavid” mövzusunda məruzə edib. O, Ərtoğrol Cavidin dahi şairin əsərlərinə olan sonsuz məhəbbətindən danışıb.
G.Babaxanlı Ərtoğrolun Nizami əsərlərinə musiqi bəstələdiyini, eyni zamanda, dahi şairin əsərlərinin el variantlarını toplayıb sistemləşdirdiyini, onlara elmi rəylər yazıb şərh verdiyini də vurğulayıb.