ESTONİYA KİNEMATOQRAFINDA İNSAN TALELƏRİ
AZƏRTAC xəbər verir ki, iyunun 5-də X Bakı Şərq-Qərb Beynəlxalq kinofestivalı çərçivəsində estoniyalı ssenarist və quruluşçu-rejissor Veyko Ounpuu 2007-ci ildə “Kuukulgur Film/Homeless Bob Production” studiyasında çəkilmiş “Lasnamyae müsamirəsi” filmini təqdim etmişdir.
Məişət mövzusuna həsr edilmiş bu filmdə hadisələr sovet dövründə, çoxmərtəbəli binada cərəyan edir. Filmin altı qəhrəmanının hamısı həmin binada yaşayır. Gənc yazıçı Mati keçmiş arvadının pəncərələrinin qabağında veyillənir, başqa qadınlarla tanış olmağa çalışır, amma bir şey çıxmır. Subay bərbər Auqust Kaskın həyatı çox darıxdırıcıdır. O, elə həmin binada yaşayan balaca bir qıza vurulur, lakin bərbərin bu qıza bəslədiyi ülvi duyğuları pis yerə yozurlar.
Laura tək anadır. O, bütün boş vaxtını televiziya ekranı qarşısında əyləşib seriallara baxmağa sərf edir. Həyatdan ümidini üzmüş Laura kişilərin ona yetirmək istədikləri hər hansı diqqəti rədd edir.
Lakin qlobal problemlərə görə hamıdan daha çox narahat olanlar da var. Onlardan biri - bütün bəşəriyyətin taleyinə görə narahatlıq keçirən, lakin çox vaxt öz arvadını yaddan çıxaran memar Maurerdir. Onun arvadı da öz növbəsində qarderobda işləyən Teo ilə “dərdləşməyi” xoşlayır.
Veyko Ounpuunun fikrincə, insan taleləri (o cümlədən bu talelərin uğursuzluğu) həqiqəti dərk etmək üçün bir vasitədir. Hər bir insanın xarakterini açıqlamaqla onun ruhunu duymaq, bu insanın öz hisslərini necə ifadə etdiyini və buna nə dərəcədə nail olduğunu başa düşmək mümkündür.